Xəbərlər

AMADA Milli Olimpiya Komitəsində “Bali-2023” ilə bağlı idmançılar ilə görüş keçirib

19 may 2023 278

Mayın 19-da Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Milli Olimpiya Komitəsinin inzibati binasında “Bali-2023” Dünya Çimərlik Oyunları ilə bağlı idmançılar ilə görüş keçirib.
MOK və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşəbbüsü ilə baş tutan tədbirdə bütün iştirakçı federasiyaların məşqçi və idmançıları iştirak ediblər.
AMADA-nın təhsil şöbəsinin müdiri Lalə Hacıyeva Çimərlik Oyunları zamanı dopinq nəzarəti, o cümlədən bu sahədəki yenilik və dəyişikliklərlə bağlı məlumatları idmançılar ilə bölüşüb.
Təqdimat zamanı iclas iştirakçıları antidopinqlə bağlı idmançıların hüquq və öhdəlikləri, o cümlədən terapevtik istisna icazəsi üçün müraciət və icazənin verilmə şərtləri, məkan məlumatı, “İynəyə yox” siyasəti və digər məsələlərlə bağlı ətraflı məlumatlandırılıb.
Qeyd edək ki, Agentliyin “Bali-2023” Dünya Çimərlik Oyunları zamanı Çağrı Mərkəzi fəaliyyət göstərəcək. İyirmi dörd saat ərzində fasiləsiz fəaliyyət göstərəcək Çağrı Mərkəzində idmançılar və məşqçilərin dopinq nəzarəti ilə bağlı bütün sualları cavablandırılacaq. Çağrı Mərkəzi təmiz idmanın daha geniş yayılması və idmançıların məlumatlandırılmasına yönəlib.

Sonda idmançılara “Bali-2023” Dünya Çimərlik Oyunlarında uğurlar arzulanıb və xatirə şəkili çəkilib.