Xəbərlər

Atletlər Komissiyası “ Qəhrəmanların varisləri” layihəsinə start verdi

21 noyabr 2021 851

 

Atletlər Komissiyası “ Qəhrəmanların varisləri” layihəsinə start verdi.

Milli Olimpiya Komitəsinin ''Atletlər Komissiyası'' 21 noyabr tarixində idmana həvəsi olan qazi və şəhid övladlarını idmana cəlb etmək məqsədilə ''Qəhrəman varisləri '' adlı layihəyə start verib. Milli Olimpiya Komitəsi nəzdində yaradılmış Atletlər Komissiyasının layihəsi haqda iştirakçılara məlumat verməzdən əvvəl, Vətən uğrunda şəhid əsgər və zabitlərimiz 1 dəqiqəlik sükutla yad edilib. Milli Olimpiya Komitəsinin Marketinq şöbəsinin rəhbəri Mehman Kərimov 09.04.2021-ci il tarixindən yeni tərkiblə fəaliyyətə başlayan Atletlər Komissiyasının ilk layihəsinin məhz  şəhid və qazi  ailələrinin övladlarına, Qəhrəman varislərinə həsr olunmasını  yüksək dəyərləndirib.  O  bu gün Atletlər Komissiyasının sədri, cüdoçu Rüstəm Orucov,  komissiyanın üzvlərindən olan, taekvondoçu Fəridə Əzizova  və güləşçi  Rəsul Çunayevin (yunan-Roma güləşi) şəhid və qazi övladlarını təmsil etdikləri idman növləri ilə tanış etməklə yeni gözəl bir ənənənin əsasını qoyacaqlarını qeyd edib. Mehman Kərimov bu günkü görüşdən sonra uşaqlar arasında cüdo, taekvando və güləş idman növü haqda fikir formalaşacağının və onların həvəsli olduğu idman növü ilə mütəmadi məşğul olmağa imkan yaranacağını da qeyd edib. İdmana həvəsin məhz uşaq yaşlarından formalaşmasının vacibliyini vurğulayan Mehman Kərimov bu gözəl təşəbbüsə qoşulan “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib və tədbirin keçirilməsi üçün əlverişli şərait yaratdıqlarını xüsusi vurğulayıb.  “Sərhədçi “ İdman Olimpiya Mərkəzinin rəis müavini, İdman bölməsinin rəisi, polkovnik-leytenant Firdovsu Umudov   Ali Baş Komandanın rəhbərliyi altında qazanılan tarixi qələbədə payı olan hər bir şəhid və qazi övladının Azərbaycan xalqı  üçün əziz olduğunu deyib. “Məhz prezidentimizin rəhbərliyi ilə biz sərhədlərimizi bərpa edirik. Bizim uzun illərdir beynəlxalq yarışlarda qaldırdığımız bayrağı Vətən müharibəsində qalib gəlmiş şəhid, qazi bacı- qardaşlarımızın övladları dünya idman arenalarında dalğalandıra bilər.” deyən Firdovsi Umudov təmsil etdiyi qurumun bunun üçün hər bir dəstəyə hazır olduğunu ifadə edib. Atletlər Komissiyasının sədri  Rüstəm Orucov isə öz növbəsində   bildirib ki, komissiyanın ilk layihəsinin məhz idmana həvəsli qazi və şəhid ailələrindən olan uşaqların, gənclərin inkişafına həsr olunmasından xüsusi qürur hssi duyur. “Yaşat” Fondunun dəstəyindənn də danışan Rüstəm Orucov belə layihələrin davamlı olacağını da vurğulayıb. Komissiya sədri idmançı dostları Hacı Əliyev (sərbəst güləş) , Cəbrayıl Həsənov (sərbəst güləş) və  İlqar Müşkiyevin (cüdo)  dəstəyini də yüksək qiymətləndirdiyini qeyd edib, komissiya üzvü olmadan tədbirə qatılmalarını bu gün onların yanında olmalarını xüsusi vurğulayıb. Daha sonra uşaqlar Rüstəm Orucov  ilə cüdo, Fəridə Əzizova ilə taekvando, Rəsul Çunayevlə isə güləş idman növü ilə tanış olublar.  Uşaqlar maraqla fərqli idman növünə aid məlumatları dinləməklə yanaşı həmçinin göstərilən fəndləri yerinə yetirməyə çalışıblar. Atletlər Komissiyasının üzvləri uşaqların suallarını cavablandırıblar. “Sərhədçi” İdman Olimpiya Mərkəzinin muzeyi ilə tanış olan iştirakçılara MOK-un hədiyyələri də təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri, cüdoçu Rüstəm Orucov, üzvləri Sabina Kərimova (qılıncoynatma), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvondo), Nazim Babayev (atletika), Rəsul Çunayev (yunan-Roma güləşi) və Fatimə Alkərəmovadır (üzgüçülük).