Xəbərlər

AVARÇƏKMƏ ÜZRƏ “PREZİDENT KUBOKU-2023” BEYNƏLXALQ REQATASI BAŞA ÇATDI

08 may 2023 414

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 4-7 may tarixlərində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil etdiyi “Prezident Kuboku-2023” beynəlxalq reqatasına yekun vurulub. 20-dək ölkədən 100-dən artıq idmançının mübarizə apardığı, tarixi torpağımız Suqovuşanda start götürüb Mingəçevirdə davam edən reqatanın mükafatlandırma və bağlanış mərasimi Bakıda keçirilib.

Bakı bulvarında baş tutan bağlanış mərasimində əvvəlcə qalib idmançılar mükafatlandırılıb. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana və digər rəsmi şəxslər təqdim ediblər.

Kayak və kanoe yarışlarında Türkiyə, akademik avarçəkmədə isə Gürcüstan komandası “Prezident Kuboku”na sahib olub. Azərbaycan avarçəkənləri turnirdə 2 qızıl, 3 gümüş, 9 bürünc olmaqla ümumilikdə 14 medal qazanıb.

Bağlanış mərasimi bədii hissə ilə davam edib. Bədii hissədə rəqs qruplarının ifasında maraqlı kompozisiyalar, avarçəkənlərin xüsusi qayıqlarda nümunəvi keçidləri, su şouları, xalq artisti Miri Yusifin solo ifası və möhtəşəm atəşfəşanlıq baş tutub.

Qeyd edək ki, “Prezident Kuboku-2023” beynəlxalq reqatası Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib.