Avropa çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb
25 iyun 2024 1308
Azərbaycanın güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlıların Avropa çempionatında mübarizəyə başlayıblar.
İlk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqramda yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıblar.
Əmrahov (48 kiloqram) yunanıstanlı Pavlos Tsentidisə və ermənistanlı Andranik Xaçatryana eyni hesabla (9:0) qalib gələrək yarımfinala yüksəlib. Əmrah yarımfinalda isveçli Santoş Sarmalinqama da aman verməyib – 6:0. Əmrahov sabah finalda rusiyalı Nikolay Kristovla qarşılaşacaq.
Əli Nəzərov (55 kiloqram) startda ermənistanlı Aleksandr Aydoyevi məyus edib – 5:0. Daha sonra serbiyalı Kristian Dobiyə tam üstünlüklə (9:0) qalib gələn həmyerlimiz adını yarımfinala yazdırıb. Əli finalın bir addımlığında bolqarıstanlı Alyoşa İliyevə sonuncu xal prinsipinə görə (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
İsbəndiyar İmanov (65 kiloqram) latviyalı Yaromirs Jukovsu vaxtından əvvəl (8:0), estoniyalı Robi Kristyuhanı isə sonuncu xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırıb. İmanov 1/4 finalda almaniyalı Kevin Karlla bacarmayıb – 4:12.
Orxan Hacıyev (80 kiloqram) yunanıstanlı Vasileyos Semertzidisə tam üstünlüklə (10:1) qalib gəldikdən sonra 1/4 finalda serbiyalı Duşan Stokiçdən güclü olub – 6:1. Hacıyev yarımfinalda sonuncu xal prinsipinə əsasən (5:5) türkiyəli Yigit Sarıya məğlub olduğu üçün ümidini bürünc medala bağlayıb.
Mikayıl İsmayılov (110 kiloqram) finlandiyalı Aleksandr Saramaekini vaxtından əvvəl (9:0) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda gürcüstanlı Luka Şavadze üzərində qələbə qazanıb – 4:1. Təəssüf ki, milli üzvü yarımfinalda ukraynalı İvan Yankovskiyə uduzub – 0:8. Mikayıl da sabah üçüncü yer uğrunda mübarizə aparacaq.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı