Xəbərlər

Avropa Gənclər Olimpiya Festivalı və Olimpiya Mədəniyyəti və Təhsil Proqramı Formula 1 yarışlarında təqdim olunub.

29 aprel 2019 333

25 – 28 aprel tarixlərində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Təhsil Nazirliyi və Bakı şəhər Təhsil İdarəsi, Bakı şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə Olimpiya Mədəniyyəti və Təhsil Proqramını “Formula 1 Socar Azerbaija Grand Prix” yarışlarında quraşdırılmış Azərbaycan pavilyonu vasitəsilə geniş ictimaiyyətə təqdim etmişdir. Dənizkənarı Milli Parkda quraşdırılmış pavilyonda Azərbaycan, Britaniya, Fransa, Norveç və İspaniya mədəniyyəti, tarixi, incəsənəti və idmanına aid olan nümunəvi musiqi, rəqs, səhnələşdirilmiş tamaşalar, əyləncəli oyunlar, müsabiqələr, əl işlərindən ibarət sərgi Formula 1-in beynəlxalq və yerli qonaqlarına təqdim olunmuşdur.

4 gün ərzində fəaliyyət göstərən pavilyonu Bakı şəhəri 193, 132-134, 6, 20 saylı məktəb, həmçinin Avropa liseyinin kollektivləri tərəfindən idarə olunmuşdur. Müxtəlif ölkələri təmsil edən bu təhsil müəssisələri XV Avropa Gənclər Olimpiya Festivalı zamanı fəaliyyət göstərəcək “Olimpiya mədəniyyəti və idman” pavilyonunda həyata keçiriləcək əsas fəaliyyət komponentlərini uğurla sınaqdan keçirmişlər.

“Olimpiya mədəniyyəti və idman” pavilyonu Olimpiya Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində 21 – 28 iyul tarixlərində Atletlər Kəndində fəaliyyət göstərəcəkdir. Pavilyon Bakı şəhərindən seçilmiş 49 təhsil müəssisəsi vasitəsilə Atletlər Kəndində məskunlaşan 3,000 nəfərdən artıq gənc idmançı, rəsmi nümayəndə və qonaqlara Azərbaycan da daxil olmaqla bütün Avropa ölkələrinin mədəniyyəti, incəsənəti, tarixi və idmanını təqdim edəcək. Pavilyonun qarşıya qoyduğu digər məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlər arası əlaqə, sülh və dostluğu təşviq etməkdir.

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Milli Olimpiya Komitəsi təşkilatçılığı, Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsi, Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyinin köməyi ilə reallaşdırılır.

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı haqqında:

• Proqram çərçivəsində Bakı şəhərindən seçilmiş 49 məktəb Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək bir Avropa ölkəsini təmsil edir.

• Seçilmiş məktəblər təmsil etdikləri ölkələrin tarixi, mədəniyyəti, incəsənəti və idmanını Azərbaycanda, Azərbaycanı isə qardaşlaşmış məktəblər və digər vasitələrlə Avropada təbliğ edirlər.

• Proqramın uğurlu icrası və məktəblər arasında kommunikasiya işini təmin etmək üçün www.ocep2019.azvə @OCEP2019 adlı İnternet, həmçinin sosial media səhifələri yaradılmışdır.

• “Olimpiya Mədəniyyət və İdman Şəhərciyi” proqramın yekun tədbiri olaraq Olimpiya Kəndində yaradılması nəzərdə tutulmuşdur. Şəhərcikdə quraşdırılacaq çadır/guşənin hər biri bir Avropa ölkəsini təmsil edəcək və qardaşlaşmış məktəblərin təşkilatçılığı ilə dekorasiya olunacaqdır. Beləliklə, Festival iştirakçıları, xüsusilə gənc idmançılar, o cümlədən Olimpiya Kəndinə səfər edən qonaqlar Avropa ölkələrinin mədəniyyəti, tarixi, incəsənəti və idmanı ilə eyni vaxtda və eyni məkanda tanış ola biləcəklər.

• Proqramın icrasında Avropa ölkələrinin Olimpiya Komitələrinin köməkliyi ilə seçilmiş məktəblərdən əlavə Gənc Səfirlər də iştirak edəcəklər. Bütün bu vasitələr üzv ölkələrinin gəncləri arasında və onların vasittəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını daha effektiv və yaradıcı formada təşviq etməyə imkan verir.

Avropa Gənclər Olimpiya Festivalı haqqında:

• Festival 20-28 iyul 2019-cu il tarixində keçiriləcək, açılış mərasimi 21 iyul bağlanış mərasimi isə 28 iyulda olacaqdır.

• Ümumilikdə 50 ölkədən 3600-a yaxın idmançının iştirakı gözlənilir.

• Festival 10 idman növü üzrə keçiriəcəkdir: gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş.

• 2500-dən çox könüllü 12 idman obyektində fəaliyyət göstərəcəkdir.