Xəbərlər

Azad Gözəlov: "Əsas məqsədimiz avarçəkmə idman növünə marağı daha da artırmaqdır"

30 aprel 2024 74

"Ölkəmizdə ümummilli lider Heydər Əliyevin 101-ci il dönümünə həsr olunmuş çoxsaylı tədbirlər keçirilir. Mingəçevirde təşkil olunan avarçəkmə üzrə "Prezident Kubokun-2024" də belə tədbirlərdən biridir".

 

Bu sözləri Aran Regional Gənclər Mərkəzinin rəhbəri Azad Gözəlov "Prezident Kuboku-2024" beynəlxalq reqatasının rəsmi paradı zamanı jurnalistlərə müsahibəsində deyib. 

 

O, ənənəvi turnirlə əlaqədar respublikamıza 20-dən çox ölkənin nümayəndələrinin gəldiyini qeyd edib: "Bu gün tədbirin rəsmi hissəsi ilə bağlı parad keçiriləcək. Sabah isə yarışların açılışı mərasimi və ilk günü təşkil olunacaq. İlk yarış günü Azərbaycanın dilbər guşələrindən biri olan Suqovusan qəsəbəsində baş tutacaq. Yarışlar mayın 2-3-de isə yenidən Mingəçevir şəhərində davam edəcək. Bu idman növünə şəhər sakinləri tərəfindən böyük maraq var. Mingəçevir bu sahədə özünü sınamış regionlardan biridir. Burada avarçəkmə idman növünün inkisaf etdirilməsi üçün gözəl baza var. Qeyd edim ki, bu idman növünün inkişaf etdirmək üçün su hövzəsi lazımdır. Düşünürəm ki, Mingəçevir respublikamızın ən inkişaf etmiş şəhərlərindən biridir. Gələcəkdə də bu idman növünün inkişaf etdirilməsi və yeni idmançıların aşkar edilməsi üçün tədbirlər həyata keçiriləcək. Əsas məqsədimiz avarçəkmə idman növünə marağı daha da artırmaqdır", - deyə Azad Gözəlov bildirib. 

 

O, həmçinin bu yaxınlarda akademik avarçəkənimiz Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandığını xatırladaraq bunu AKAF-ın ən böyük uğurlarından biri adlandıb.