Azərbaycan avarçəkənləri III MDB Oyunlarına hazırlıqlarını davam etdirirlər
12 sentyabr 2025 - 12:09 591
Azərbaycan avarçəkənləri 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək III MDB Oyunlarına hazırlıqlarını davam etdirirlər.
Millinin üzvləri artıq hazırlığın həlledici mərhələsindədirlər.
Azərbaycanın kayak və kanoe üzrə yığma komandasının böyük məşqçisi Mirnazim Cavadov hazırlığın plana uyğun getdiyini bildirib: “Heyətimiz müəyyənləşib. Oyunlara qədər bir sıra idmançılar beynəlxalq turnirlərdə çıxış edəcəklər. İki avarçəkənimiz Portuqaliyada gənclər və yeniyetmələr arasında dünya çempionatında iştirak edib. Hazırlıq çərçivəsində Belarusda təlim-məşq toplanışı, həmçinin Rusiyanın Barnaul şəhərində keçiriləcək turnir planlaşdırılır. Bir neçə idmançımız Milanda böyüklər arasında dünya çempionatına qatılıb. III MDB Oyunlarında uğurlu çıxışa ümid edirik. Daha çox qızıl medal istərdik, amma rəqabət güclü olacaq. Buna baxmayaraq, mükafat yerləri uğrunda mübarizə aparmağa hazırıq”.
Akademik avarçəkmə üzrə yığmanın baş məşqçisi Vladimir Morozov isə komandanın böyük iş gördüyünü vurğulayıb: “Oyunlara hazırlıq hələ 2024-cü ilin sentyabrında başlayıb. Biz 10 perspektivli idmançı seçdik və onlar Mingəçevirin bazasında məşq edirlər. Burada bütün lazımi şərait var. İdmançılar artıq yaxşı nəticələr göstəriblər. Azər İlyasov və Cahangir Məmmədli Avstriyada keçirilən beynəlxalq reqatada ikinci yeri tutublar. Əsas ümidlərimiz Nurlan Paşayev, Azər İlyasov və Cahangir Məmmədliyədir. Onlar medal uğrunda mübarizə aparmaq gücünə malikdirlər. Rəqiblərimiz isə avarçəkmədə zəngin təcrübəsi olan ölkələrdir. Komandamız gəncdir, amma biz onlarla rəqabət aparacağıq”.
Qeyd edək ki, III MDB Oyunlarında akademik avarçəkmə və kanoe yarışları Mingəçevirdə keçiriləcək.
Bənzər xəbərlər
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
Oktyabrın 23-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Seneqalın paytaxtı ... Ətraflı
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
Rusiya Federasiyasının Krasnoyarsk şəhərində oktyabrın 21-dən etibarən start götürən XIV “Rusiya ... Ətraflı