Xəbərlər

Azərbaycan badmintonçuları Şamaxıda keçirilən beynəlxalq turnirdə yarımfinala yüksəliblər

07 noyabr 2023 270

Türkdilli Dövlətlər arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq badminton turnirində ilk yarış gününə yekun vurulub.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçuların mübarizəsində 5 kateqoriya üzrə qarşılaşmalar oynanılıb.

Şamaxı Olimpiya İdman Kompleksində keçirilən yarışda kişi badmintonçuların şəxsi yarışında ilk iki görüşünü qələbə ilə başa vuran Azərbaycan təmsilçiləri Diki Pangestu və Muhammed Kadafi yarımfinalda qarşılaşacaqlar.

Digər yarımfinal cütündə isə Türkiyə badmintonçusu Emre Lale və Qazaxıstan təmsilçisi Maksut Tadzıbullayev üz-üzə gələcək.

Qadın badmintonçuların şəxsi mübarizəsində Azərbaycan idmançılarından Həcər Nuriyeva və Era Maftuha ən güclü “dördlüy”ə yüksəlməyi bacarıb. H. Nuriyeva finala yüksəlmək uğrunda keçiriləcək görüşdə Türkiyə badmintonçusu Özge Bayrakla qarşılaşacaq. Era Maftuhanın yarımfinaldakı rəqibi isə Diana Garamova (Özbəkistan) - Aişa Zumabek (Qazaxıstan) görüşündə müəyyənləşəcək.

Kişi badmintonçuların qoşa yarışında Əli Gözəlov və Sərxan Bağırov Diki Pangestu-Muhammed Kadafi tandemi ilə yarımfinalda yarışacaq. Bu kateqoriya üzrə digər yarımfinal oyununda isə Serhat Salim-Yusuf Ramazan (Türkiyə) dueti Kaitmurat Kulmatov-Maksut Tadzıbullayev cütü ilə (Qazaxıstan) qarşılaşacaq.

Qadın badmintonçuların qoşa yarışında Nərmin Hüseynova-Nigar Səmədova qoşası Aişa Zumabek-Nargiza Raxmatullayeva (Qazaxıstan) tandemi ilə yarımfinalda mübarizə aparacaq. Bu kateqoriya üzrə digər finalçı İlayda Nur-Sare Ece (Türkiyə) ilə Diana Garamova-Viktoriya Rudakova (Özbəkistan) duelində bəlli olacaq.

Qarışıq qoşa kateqoriyasında isə 1/4 finalda yarışacaq badmintonçular məlumdur. Muhammed Kadafi-Era Maftuha qoşası yarımfinala yüksəlmək uğrunda keçiriləcək görüşdə Qazaxıstan təmsilçiləri Maksut Tadzıbullayev-Dilyara Jumadilova cütü ilə qarşılaşacaq. Rəvan Niftəliyev-Nərmin Hüseynova dueti isə Diki Pangestu-Həcər Nuriyeva ilə görüşəcək.

Daha iki 1/4 final qarşılaşmasında Adilet Kubatbek-Jasmin Aisarova (Qırğızıstan) tandemi Buğra Aktaş-Sinem Yıldız (Türkiyə) cütü, Gafforbek Jabborov-Diana Garamova (Özbəkistan) dueti isə Kaitmurat Kulmatov-Nargiza Raxmatullayeva (Qazaxıstan) tandemi ilə üz-üzə gələcək.

Turnirin final görüşləri noyabrın 8-də keçiriləcək.