Azərbaycan Güləş Federasiyası bölgələrdə infrastruktur islahatlarını davam etdirir
28 aprel 2025 485
Azərbaycan Güləş Federasiyası (AGF) bölgələrdə idman infrastrukturunun inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri uğurla davam etdirir.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə tədbir zəngin güləş ənənələrinə malik Qazaxda baş tutub.
Qazax şəhəri Heydər Əliyev prospektində və 2-ci Şıxlı kəndində yerləşən idman zalları AGF tərəfindən müasir güləş xalçaları və zəruri idman inventarları ilə təmin olunub. Gənc güləşçilərin daha yüksək şəraitdə məşq etməsi məqsədilə görülən bu işlər bölgədə güləşin inkişafına yeni nəfəs gətirəcək.
Tədbirdə çıxış edən AGF-nin baş katibi Nəsimi Musayev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Qazax Uşaq-Gənclər İdman Məktəbinin direktoru Rəhim Namazov, AGF-nin baş katibinin müavini Orxan Məmmədov və əməkdar məşqçi Ramiz Tağıyev görülən işlərin bölgə güləşinin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar yaradılan bu şəraitin güclü və rəqabətədavamlı idmançıların yetişməsinə böyük töhfə verəcəyinə inandıqlarını qeyd ediblər.
Qeyd edək ki, son iki il ərzində AGF tərəfindən Bakı, Gəncə, Sumqayıt, İmişli, Salyan, Qusar, Goranboy, Qəbələ, Masallı, Astara, Göyçay və Şamaxı şəhərlərindəki güləş zalları da müasir inventarla təchiz edilib. Federasiya rəhbərliyi bu istiqamətdə işlərin mərhələli şəkildə davam etdirilməsini və ölkə üzrə bütün bölgələrdə güləş üçün optimal şəraitin yaradılmasını planlaşdırır.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı