Azərbaycan güləş yığmaları Avropa çempionatına ölkə xaricində hazırlaşırlar
11 fevral 2025 382
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi reytinq turnirindən sonra Xorvatiyada qalaraq təlim-məşq toplanışına start verib.
Güləş Federasiyasından bildirilib ki, Zaqrebdən Poreçə yollanan yığma fevralın 22-dək bu şəhərdə hazırlıq prosesi keçəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 20 güləşçi müxtəlif ölkələrin komandaları ilə birgə təşkil edilən toplanışda iştirak edir. Ancaq reytinq turnirində zədələnərək qulağından əməliyyat olunan Həsrət Cəfərov vətənə qayıdıb. Olimpiya mükafatçısı ən azı 10 gün bərpa prosesi keçməlidir. Yalnız bundan sonra həkimlərin rəyinə əsasən, fərdi məşqlərə başlaya bilər.
Qadın güləşi üzrə komanda Xorvatiyadan Macarıstana yola düşüb. Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 10 güləşçi Tatada keçirilən hazırlıq prosesinə cəlb edilib. Fevralın 9-da start götürən toplanış ayın 22-dək davam edəcək.
Sərbəst güləş üzrə milli isə Vladiqafqaza üz tutub. Şimali Osetiyanın paytaxtında keçiriləcək təlim-məşq toplanışı fevralın 26-dək davam edəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında 24 güləşçi toplanışda yer alır.
Hər üç yığma hazırlıq prosesi əsasən taktiki-texniki çalışmaların üzərində qurulub. Ölkə xaricində keçirilən toplanışlar martın 8-14-də Albaniyada baş tutacaq U-23 Avropa çempionatı və aprelin 7-13-də Slovakiyada təşkil ediləcək böyüklərin Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı