Azərbaycan güləşçiləri reytinq turnirinin son günündə 5 medal qazanıblar
10 fevral 2025 920
Xorvatiyanın Zaqreb şəhərində keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub.
Son yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 11 üzvü xalçaya çıxıb, onlardan 5-i fəxri kürsüyə qalxıb.
Elmir Əliyev (55 kiloqram) A qrupunda iranlı Mehdi Əhədiyə (6:3), özbəkistanlı Jasurbek Ortikboyevə (10:5) və sinqapurlu Aleksandr Kuevasa (8:0) qalib gəlib. Qrup birincisi yarımfinala yüksələn Əliyev amerikalı Bredi Kuntsu da üstələyib – 5:0. Elmir finalda yenidən Əhədi ilə qarşılaşıb və inamlı qələbə ilə (7:0) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
60 kiloqramda ölkəmizi 3 güləşçi təmsil edib. Yuxarı çəkidə çıxış edən Eldəniz Əzizli startda özbəkistanlı Mehrac Bəhramovla bacarmayıb – 0:9. Nihat Məmmədli israilli Melkamu Feteneyə tam üstünlüklə (11:1) qalib gəlsə də, 1/4 finalda Bəhramova 6:11 hesabı ilə məğlub olub. Hüseyn Qəribov debütdə serbiyalı Georgi Tibilova uduzub – 0:6. O, təsəlliverici görüşdə israilli Abere Feteneni üstələyib – 4:1. Ancaq bürünc medal uğrunda mübarizədə iranlı Puya Naserpura yenilib – 1:9.
Ülvü Qənizadə (72 kiloqram) ilk mərhələdə çexiyalı Denis Mertli üstələsə (4:3) də, zədəyə görə yarışdan çəkilib. Onunla eyni çəkidə çıxış edən Ruslan Nurullayev debütdə macarıstanlı Levente Levaya 1:4 hesabı ilə məğlub olub. O, təsəlliverici görüşdə finlandiyalı Matias Lipastiyə şans verməyib – 11:0. İranlı olimpiya və dünya çempionu Mohammadreza Gerayi isə həlledici qarşılaşmaya çıxmadığı üçün Ruslan üçüncü yeri tutub.
Qurban Qurbanov (82 kiloqram) serbiyalı Uroş Leçiç (8:0) və belaruslu İlya Bitseyev (6:0) üzərində inamlı qələbə qazanıb. O, yarımfinalda iranlı Qolamreza Faroxinsenjaniyə uduzub – 3:11. Qurban rumıniyalı Vasile Koyoku vaxtından əvvəl (9:0) xalçadan məyus yola salaraq bürünc medalı boynundan asıb.
Arif Niftullayev (97 kiloqram) niderlandlı Tirone Sterkenburqu 3:2 hesabı ilə üstələsə də, 1/8 finalda iranlı Şayan Habibzareyə uduzub – 0:8. Bu çəkidəki digər təmsilçimiz Murad Əhmədiyev rusiyalı Maqomed Murtazaliyevi minimal fərqlə (2:1) yarışdan kənarlaşdırdıqdan sonra belaruslu Abubakr Xaslaxanova uduzub – 2:12. O, təsəlliverici görüşdə iranlı Hamidreza Badkanı məyus edib – 5:4. Murad üçüncülük üçün Habibzareylə güləşib və 6:3 hesablı qələbə ilə bürünc medala sahib çıxıb.
Beka Kandelaki (130 kiloqram) Macarıstan güləşçilərinə – Dariuş Viteklə (9:0) Laslo Darabosa (8:2) qalib gəlib. O, yarımfinalda finlandiyalı Konsta Maeenpaeyə məğlub olub – 3:4. Beka bürünc medal görüşündə isə rusiyalı Marat Kamparova yenilib – 2:3. Ən ağır çəkidəki digər milli üzvü Sərxan Məmmədov çexiyalı Artur Sarkisyanla amerikalı Kourtney Frimanı 3:1 hesabı ilə üstələyib. O, yarımfinalda iranlı Əliəkbər Yusifəhmədxaliyə uduzub – 1:9. Sərxan macarıstanlı Koppani Laslonu “tuş”la üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Beləliklə, son yarış günündə Azərbaycan güləşçiləri 1 qızıl və 4 bürünc medal qazanıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı