Xəbərlər

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti, Milli Olimpiya Komitəsinin üzvü, əməkdar jurnalist Eldar İsmayılovun 75 illik yubileyidir.

06 yanvar 2023 602

O, 1948-ci il yanvarın 9-da Ağdamda dünyaya gəlib. Uşaqlıqdan jurnalistikaya böyük həvəsi olan İsmayılov 17 yaşından qəzetində
fotomüxbir, sonra isə müxbir işləyib.
O, 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub.
1979-cu ildə Azteleradionun Qarabağ və ətraf rayonları üzrə xüsusi müxbiri təyin edilib.
Qarabağ savaşının qızğın çağlarında ən qaynar nöqtələrdən xalqımıza operativ məlumatlar
çatdırıb. Müharibə veteranıdır. 1995-ci ildən təsisçisi olduğu Azərbaycan İdman Jurnalistləri
Assosiasiyasının prezidentidir. Rəhbərlik etdiyi qurum 1997-ci ildən Beynəlxalq İdman Mətbuatı
Assosiasiyasının (AIPS) və Avropa İdman Mətbuatı İttifaqının (AIPS EUROPE) ölkəmizdəki yeganə rəsmi tam hüquqlu üzvüdür.
Eldar İsmayılov Azərbaycan mətbuatı tarixində nüfuzlu beynəlxalq media təşkilatının
rəhbərliyinə seçilmiş ilk jurnalistdir. O, 2010-cu ildə gizli səsvermə ilə Avropa İdman Mətbuatı
İttifaqı İcraiyyə Komitəsinin 12 üzvündən biri seçilmiş, 2017-ci ilədək bu postda olmuşdur. Onun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda dəfələrlə mühüm beynəlxalq media tədbirləri, o cümlədən 2014-cü ildə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci Ümumdünya Konqresi keçirilmişdir.
Milli Olimpiya Komitəsinin üzvü olan Eldar İsmayılovun və rəhbərlik etdiyi AİJA-nın xidmətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.
MOK-un 20 illik yubileyi münasibətilə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Eldar İsmayılov 2012-ci il noyabrın 5-i cənab Prezidentin sərəncamı ilə Əməkdar Jurnalist adına layiq görülüb.