Xəbərlər

Azərbaycan idmanı 2023-cü ildə: ilklər, rekordlar, ölkə və beynəlxalq miqyaslı yarışlar

30 dekabr 2023 318

Başa çatmaqda olan 2023-cü il Azərbaycan idmanında böyük uğurlar və ilklərlə yadda qaldı.

 

Bu il ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlər, bir çox idman növləri üzrə dünya və Avropa çempionatları, dünya kuboku və Qran-Pri yarışları yüksək səviyyədə təşkil olundu. İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsində hər il olduğu kimi, bu il də bütün dünyanın idman nəbzi Azərbaycanda döyündü.

 

Bölgələrdə keçirilən beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili göstərdi ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır.

 

İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycanda bu il keçirilən gimnastikanın dörd növü üzrə Dünya Kuboku, Formula 1 üzrə Azərbaycan Qran-Prisi, yeniyetmə cüdoçular arasında Avropa Kuboku, bədii gimnastika üzrə 39-cu Avropa çempionatı, taekvondo üzrə böyüklər arasında dünya çempionatı, şahmat üzrə kişilər və qadınlar arasında Dünya Kuboku, həndbol üzrə 17 yaşlı qızlar arasında Avropa çempionatı, atıcılıq üzrə dünya çempionatı, IBSA cüdo Qran-Prisi, çövkən üzrə dünya çempionatı, MMA üzrə “Landmark 7” beynəlxalq Rizin, hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı kimi nüfuzlu yarışlar ölkəmizin qüsursuz təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirdi. Beynəlxalq yarışlarda qazanılan qələbələr və medallar isə Azərbaycanın bir daha idman ölkəsi olduğunu təsdiqlədi. 

 

2023-cü ildə Azərbaycan idmanında baş vermiş ən yaddaqalan hadisələri xronoloji ardıcıllıqla təqdim edirik.

 

Ən güclü pilotlarının mübarizə apardığı Formula 1 üzrə Azərbaycan Qran-Prisi

Bakı dünyanın ən məşhur avtomobil yarışı olan Formula-1 üzrə Qran-Priyə bu il də ev sahibliyi edərək bütün qitələri əhatə edən tamaşaçıları öz ətrafına topladı. Onlar dünyanın ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, qədim tarixə malik müasir Bakının füsunkar gözəlliyi ilə tanış oldular. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanallarında yayımlanan turniri beş yüz milyon televiziya tamaşaçısı ekrandan izləmək şansı əldə etdi. Yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər Tarixi-Memarlıq Qoruğunun ətrafında dövr etdilər. Aprelin 30-da start götürən yarışı izləmək üçün şəhərimizə gələn qonaqlarla yanaşı, televiziya tamaşaçıları da Bakının tarixi yerlərini görmək imkanı qazandılar. Formula-1 Azərbaycan Qran-Prisi bir daha sübut etdi ki, paytaxtımız təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu şəhərdir.

 

“Qarabağ”ın Premyer Liqada yubiley çempionluğu

2022-2023-cü illər mövsümündə Azərbaycan Premyer Liqasının 34-cü turunda “Qarabağ” tarixində 10-cu dəfə ölkə çempionu adını qazanaraq rekorda imza atdı. Mayın 13-də sona iki tur qalmış “Səbail”lə qarşılaşan komanda rəqibini 3 cavabsız qolla üstələdi. Qələbədən sonra Ağdam klubu Çempionlar Liqasına vəsiqəni təmin etdi. Bu həm də “köhlən atlar”ın son 10 ildə bayram etdiyi 9-cu zəfəri oldu. Bu uğurların hər biri Qurban Qurbanovun baş məşqçiliyi altında reallaşdı. “Qarabağ” ilk çempionluğunu 1993-cü ildə əldə etmişdi.

 

Şuşada gerçəkləşən növbəti beynəlxalq turnir

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped turniri ilin ən əlamətdar idman hadisələrindən biri oldu. Veloyarışda dünyanın 14 ölkəsindən tanınmış idmançılar, güclü komandalar qələbə uğrunda mübarizə apardılar. İyunun 7-də Bakıda startı götürülmüş 3 gün davam edən turnir Şuşa şəhərində yekunlaşdı. Bu yarış işğaldan azad olunmuş ərazilərin qısa zaman kəsiyində əlverişli hala salındığının göstərməklə yanaşı, Qarabağda idmanın inkişafına diqqətin ayrıldığının bariz nümunəsi oldu.

 

Skandinaviya yığmasını darmadağın edən millimiz

Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində tarixində ilk dəfə Skandinaviya seçməsini məğlubiyyətə uğratdı. Yığma komanda buna noyabrın 16-da evdə İsveçlə keçirdiyi oyunda darmadağın etməklə nail oldu. Qarşılaşma meydan sahiblərinin heyətində Emin Mahmudov, Renat Dadaşov və Bəhlul Mustafazadənin rəqib qapısına vurduğu 3 cavabsız qolla yekunlaşdı. Bu matç, eyni zamanda, millinin yarımmüdafiəçisi Emin Mahmudovun İsveç yığmasına vurduğu möhtəşəm qolla yaddaşlarda iz qoydu. Onun nəticəsidir ki, həmin qol “Avro-2024”ün seçmə mərhələsinin 9-cu turunun ən yaxşı qolu seçildi.

 

Qadın futbolçulardan ibarət yığmamızdan tarixi uğur

UEFA Millətlər Liqasında C divizionunun V turunda səfərdə Kipr üzərində 1:0 hesabı ilə qələbə qazanan qadınlardan ibarət Azərbaycan yığması futbolumuz adına yeni tarix yazdı. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv dekabrın 1-də oynanılan bu matçdan sonra qrup liderliyini və B divizionuna vəsiqəni rəsmiləşdirdi. Dörd gün sonra Farer adalarını da bir cavabsız qolla üstələdikdən sonra yığma C divizionunda mübarizəni yekunlaşdırdı. Millimiz turnirdə 9 oyunu məğlubiyyətsiz keçirməklə Azərbaycan futbolunda nümunəyə çevrildi. Bu matçların 5-də qələbə qazanıb, bir heç-heçə edən qadın futbolçular 3 yoldaşlıq görüşündən də bərabərliklə ayrıldılar.

 

Dünyada məşhur idmançıları bir araya toplayan mükafatlandırma mərasimi

Dekabrın 8-də Bakıda ilk dəfə olaraq idman sahəsində ən gözlənilən hadisələrdən biri - Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Mükafatlandırma mərasimi – FIA Prize-Giving Ceremony baş tutdu. Hər ilin sonunda fərqli ölkələrdə reallaşan bu mərasimin Bakı təqdimatı digərlərindən möhtəşəmliyi ilə fərqləndi. Azərbaycanın mədəniyyəti, qonaqpərvərliyi, digər xalqlarla sülh və əməkdaşlıq şəraitində yaşamağa yönələn siyasətini özündə cəmləşdirən mərasim bütün dünyada əks-səda doğurdu. Mükafatlandırma mərasimində nəinki indiki qaliblər, keçmişdə müxtəlif yarışlarda mübarizə aparan, artıq vəfat etmiş çempionlar da yad edildi. Əsasən qalib pilotların idarə etdiyi avtomobillərin nümayişini, dünya məşhur Oracle Red Bull Racing-in qalibi Christian Horner və Formula 1-in qalibi Max Verstappenin təltifini nəzərdə tutan tədbirdə milli musiqilərimizin sədaları altında zəngin mətbəximizin nümayişi mərasimin yaddaqalan anlarından biri oldu.

 

“Köhlən atlar” UEFA Avropa Liqasında pley-off mərhələsində

“Qarabağ” ilk dəfə UEFA Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazandı. Komanda bunu dekabrın 14-də avrokubokun qrup mərhələsində “Hekken”le çıxdığı sonuncu görüşündə reallaşdırdı. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada Ağdam təmsilçisi 2:1 hesablı qələbəyə sevindi. Bu matçın nəticəsinə əsasən “köhlən atlar” xallarını 10-a çatdıra bildi. Tarixi qələbədə Leandro Andrade və Yassin Benzia vurduğu qollarla pay sahibi oldular. Dekabrın 18-də isə İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində "Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşdi. Portuqaliyanın “Braqa” klubu ilə ilk görüş 2024-cü il fevralın 15-də səfərdə oynanılacaq.

 

30 illik fasilədən sonra Xankəndidə ilk futbol matçının ilk qolu

Dekabrın 21-də 30 illik fasilədən sonra Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” ilk dəfə “MOİK”lə oyununu Xankəndi şəhər stadionunda keçirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə yenidənqurma işlərinin başa çatdığı Xankəndi şəhər stadionundakı qarşılaşmanı canlı izləmək şansı əldə etdi. Vaxtilə özündə separatçı rejimin simvollarını daşıyan “Xankəndi” stadionunda Ağdam təmsilçisinin futbolçusu Nəriman Axundzadə rəqib qapısına vurduğu topla tarixə imza atdı. II Liqa təmsilçisi MOİK-ə minimal hesabla qalib gələn “Qarabağ”ın işğaldan azad olunmuş ərazilərdə ilk futbol matçında qazandığı ilk qələbə təkcə ilin yox, Azərbaycan idman tarixinin ən önəmli hadisələrindən biri kimi yaddaşlara həkk olundu.

 

Beynəlxalq turnirlərdə ilklərdən ibarət ili geridə qoyan Azərbaycan idmançıları

2023-cü il qazanılmış nailiyyətlər və ilklərlə Azərbaycan idman tarixində mühüm yer tutdu. Gimnastika sahəsində əldə edilmiş uğurlar isə xüsusilə yadda qaldı. “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan bədii gimnastika üzrə 40-cı dünya çempionatında üçüncü pilləyə qərarlaşan bədii gimnastımız Zöhrə Ağamirova gimnastika üzrə lisenziya qazanan ilk idmançı oldu. Böyük Britaniyanın Birmingem şəhərində baş tutan dünya çempionatında isə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət millimiz tarixində ilk dəfə tamblinq üzrə komanda hesabında birinci yerə layiq görüldü. Yığmanın üzvü M.Malkin tamblinq üzrə qızıl medal qazanmış ilk idmançı kimi tarix yazdı. Amma ilklər, sadəcə, bunlarla yekunlaşmadı.

 

Azərbaycan gimnastika tarixində ilk dəfə qarışıq cütlüyümüz (Ağasif Rəhimov və Raziyə Seyidli) və kişi cütlüyümüz (Daniel Abbasov və Murad Rəfiyev) böyüklər arasında Avropa çempionu titulunu qazanmağa nail oldular. Ümumiyyətlə, bu il fərqli yaş kateqoriyasında çıxış edən kişi və qadın gimnastlarımız müxtəlif növlər üzrə Avropa və dünya çempionatlarında ümumilikdə 10 qızıl medal qazanıblar ki, bu da Azərbaycan gimnastikası tarixində ilkdir. 

 

Bu il, sadəcə, gimnastikada deyil, cüdo sahəsində də bir çox ilklərin şahidi olduq. Qadın cüdoçumuz Xədicə Qədəşova Azərbaycan cüdo tarixinin ilk qadın dünya çempionu kimi tarixə düşdü. O, buna Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən yeniyetmələr arasında dünya çempionatında nail oldu. Portuqaliyanın Odivelas şəhərində təşkil olunan yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız ilk qızıl medallarını qazanmaqda idman sahəsində öz izlərini qoydular. Azərbaycanın cüdo üzrə üç qat Avropa çempionu Hidayət Heydərov isə Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində tarixi uğura imza atdı. 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı “Gündoğar ölkə”də fəxri kürsünün ən yüksək pilləsinə qalxan ilk Azərbaycan cüdoçusu oldu. 

 

Boks sahəsində isə yığmamız 22 yaşadək boksçular arasında Avropa çempionatında medal rekordunu yenilədi. Millimiz bunu tarixində ilk dəfə Avropa çempionatında 5 medal qazanmaqla reallaşdırdı.

 

Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatına yunan-Roma güləşi üzrə Azərbaycan millisi də tarixi uğura imza atanlar sırasındadır. 2 qızıl, 3 gümüş medal qazanan yığma 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu oldu. 

 

Şahmatçılarımız da öz növbələrində məhsuldar bir ili geridə qoydular. Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında qadınlardan ibarət yığmamız 15 xalla tarixdə ilk dəfə bu turnirin gümüş medalına yiyələndi. 

 

Qeyd edək ki, Azərbaycan idmançıları 2023-cü ildə beynəlxalq yarışlarda ümumilikdə 1472 medal əldə ediblər. Bu, Azərbaycanın idman tarixində rekord göstəricidir.