Xəbərlər

Azərbaycanın yeniyetmə qılıncoynadanları beynəlxalq turnirdə gümüş medal qazanıblar

30 oktyabr 2023 317

Azərbaycanın yeniyetmə qılıncoynadanları Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə sablya növü üzrə 18 komanda arasında gümüş medal qazanıb.

Abbas Hüseynov, Rəsul Əliyev, Timur Husnaddinov və Murad Muradovdan ibarət yeniyetmə komandası ilk görüşdə Almaniya yığmasına 45:28 hesabı ilə qalib gələrək ən güclü “səkkizliy”ə vəsiqə əldə edib.

Bolqarıstan, Yunanıstan, Böyük Britaniyanı təmsil edən yığmaların da yarışdığı turnirdə Azərbaycan millisi finala gedən yolda Türkiyənin üçüncü komandasına, eləcə də Gürcüstan ilə Fransa sablyaçılarının birgə təmsil olunduğu kollektivlərə müvafiq olaraq 45:44 və 45:38 hesabları ilə qalib gəliblər.

Qılıncoynadanlar həlledici görüşdə Türkiyə millisinə 30:45 hesabı ilə uduzaraq, ikinci yerlə kifayətləniblər.

Qız sablyaçıların komanda yarışında Fərəh Abbasova, Təranə Məmmədli, Valentina Zeynalova və Züleyxa Sultanlıdan ibarət birinci komanda ilk görüşündə Türkiyənin beşinci komandasına 45:21 hesabı ilə qalib gəlsə də, yarımfinala yüksəlmək uğrunda matçda Türkiyənin ikinci kollektivi ilə keçirilən gərgin görüşdə 44:45 hesabı ilə uduzub.

Sablyaçı qızların komanda yarışında Leyla Əhmədova, Fatimə Kərimova, Cahan Sadıxova və Gülarə Tağızadədən ibarət digər kollektiv isə ilk görüşdə turnirin qalibi Böyük Britaniya yığmasına 21:45 hesabı ilə məğlub olub.