Xəbərlər

AzVİF yeni yarış mövsümünə start verdi

12 fevral 2022 208

Azərbaycan Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib. İştirakçılar şose velosipedi üzrə Azərbaycan Kubokunun 1-ci mərhələsində mübarizə aparırlar.

Yarışda müxtəlif klub və cəmiyyətlərin 3 yaş kateqoriyası üzrə 50 idmançısı iştirak edir. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev mətbuat nümayəndələrinə müsahibəsində bildirib ki, təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan gənclərə qayğı siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Mən dünyada elə bir ölkə tanımıram ki, orada gənclərə bizdə olduğu kimi diqqət və qayğı göstərilsin. Bugünkü tədbirimiz sadəcə yarış deyil. Bizim gənclərimiz yeni qələbələrə imza atmağa hazırlaşırlar”, – deyən Federasiya prezidenti gənclərimizin sağlam olması və idmanda böyük nailiyyətlər əldə etməsi üçün çalışdıqlarını bildirib.

Yarışın 1-ci günündə velosipedçilər 14 km məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. 17 yaşadək idmançılar arasında Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Radha Şabanova və Tamerlan Vitovski ən yaxşı göstərici ilə bütün rəqiblərini qabaqlayıblar. Bu məktəbin digər təmsilçiləri Diana Sidorenko və Kamran Mirzəxanov gənclər arasında 1-ci yerə layiq görülüblər. U23/Elit yaş kateqoriyasında isə 7 saylı Olimpiya Velosiped məktəbinin üzvü Lalə Əbdürəhmanova və Müdafiə Sənayesi Nazirliyi Velosiped Klubunun nümayəndəsi Musa Mikayılzadə hamıdan yaxşı nəticə göstəriblər.

Azərbaycan Kubokunun 1-ci mərhələsinin 2-ci yarış günündə velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar.