Xəbərlər

Badminton III Avropa Oyunlarının proqramına daxil edilib

21 yanvar 2021 363

Badminton idman növü 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının proqramına daxil edilib. Bu barədə razılıq Danimarkanın paytaxtı Kopenhagendə Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti vəzifəsini icra edən Niels Nyqaard ilə Avropa Badminton Konfederasiyasının baş katibi Brayan Aqerbak arasında müqavilənin imzalanması ilə əldə olunub.

 

Çimərlik həndbolu, kanoe, karate, müasir beşnövçülük və taekvandodan sonra badminton idman növü Krakov və Malopolska vilayətinin digər şəhərlərində keçiriləcək oyunların proqramına daxil edilən növbəti idman növüdür. AOK-un prezidenti vəzifəsini icra edən Niels Nyqaard badmintonun Avropa Oyunları – 2023-ün proqramına daxil olmasından sevinc duyduğunu bildirib. “Avropalı badmintonçular üçün Avropa oyunlarında qızıl uğrunda mübarizə aparmaq şansı onların hər dörd ildən bir yarışma təqviminin mühüm məqamıdır. Paris 2024 Olimpiya Oyunları üçün reytinq balları təklif etməsi isə idmançıları Avropa oyunlarında iştiraka həvəsləndirən ən yüksək stimuldur”, – deyə Niels Nygaard bildirib.

 

Ümumdünya Badminton Federasiyasının prezidenti Piter Tarkala rəhbərlik etdiyi qurum ilə AOK arasında yaxşı münasibətlərin olduğunu qeyd edərək Avropa Oyunları-2023-ün yenidən Avropanın ən yaxşı istedadlarını cəlb edəcəyini bəyan edib. “AOK ailəsinin və istənilən idman növü üçün demək olar ki, Olimpiya Oyunlarında iştirak üçün olduğu dərəcədə əhəmiyyət kəsb edən qitəmizdəki ən iri multiidman oyunlarının bir hissəsi olmaq olduqca vacibdir. Mən bunu bir prestij kimi qəbul edirəm. Mən böyük təşkilatçılıq və tərəfdaşlıqla ən yaxşı oyunçularımızı gətirə biləcəyimizi və badmintonu ən yaxşı səviyyədə təqdim edəcəyimizi gözləyirəm”, – deyə P.Tarkala vurğulayıb.

 

Krakov-Malopolska 2023-də badmintonun 2019-cu ildə Minskdə istifadə etdiyi formatda olacağı gözlənilir . 5 yarış üzrə – kişilər arasında şəxsi birincilik, qadınlar arasında şəxsi birincilik, kişilər arasında qoşa yarışlar, qadınlar arasında qoşa yarışlar və qarışıq qoşa yarışlarda təqribən 160 idmançı çıxış edəcək. Yarışların beşi də Ümumdünya Badminton Federasiyasının Dünya Reytinqinə və Paris 2024-ə vəsiqə qazanılmasına hesablanacaq.

 

AOK-un Baş katibi Raffaele Panyotsi Avropa Badminton Federasiyasının Olimpiya Oyunlarına gedən yolda idmançılar üçün əla hazırlıq olan Avropa Oyunlarına bağlılığını yüksək qiymətləndirib.

 

Avropa Badminton Konfederasiyasının baş katibi Brayan Aqerbak Krakov-Malopolskanın Avropa Oyunları 2023 üçün yaxşı uyğun gəldiyini qeyd edib. “Polşa bir neçə ildir ki, dünya səviyyəli badmintonçular yetişdirir. Əlbəttə ki, yerli oyunçuların Avropa Oyunlarında yaxşı çıxış etmələri vacibdir və mən gözləyirəm ki, bu badminton yarışlarına tamaşaçıların cəlb edilməsinə kömək edəcək ”, – deyə Aqerbak bildirib.

 

Avropa Oyunları 2023 bir çox olimpiya idman növləri üzrə qitə idmançıları üçün Paris 2024-ə gedən yolda mühüm addım olacaq. Bu Avropa Oyunları həmçinin çimərlik həndbolu kimi bəzi yeni idman növlərinin təqdimatı üçün əlverişli platforma olacaq.

 

Həsən Aratın sədri olduğu AOK-un Avropa Oyunları 2023 üzrə Koordinasiya komissiyası Avropa federasiyalarının Krakov-Malopolskda iştirakı ilə bağlı işləri tamamlamaq üçün onlarla sıx əməkdaşıq edir. AOK artıq təsdiqlənmiş 6 və tezliklə təsdiqlənəcək yeni idman növləri ilə azarkeşlər üçün 2023-cü ilin yayına Avropanın ən yaxşı idmançılarının iştirakınə nəzərdə tutuan həyəcanverici, innovativ və çox baxımlı təklif hazırlayır.