Xəbərlər

“Bakı-2023” - Azərbaycan gimnastika tarixində ilklərin qeydə alındığı Avropa çempionatı

21 may 2023 271

Bakıda keçirilən Avropa çempionatı Azərbaycan gimnastika tarixində ilklərlə yadda qalıb.

Gənc bədii gimnastlardan ibarət qrup komandamız çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız çoxnövçülükdə üçüncü pillədə yer alsa da, üç lent və iki topla yarışda Avropa çempionu olub. Gimnastımız Zöhrə Ağamirova isə topla yarışda bürünc mükafata layiq görülüb.

Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Zöhrə Ağamirova Bakı gimnastika məktəbinin yetirməsi olaraq Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnastdır.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinanın üç lent və iki topla hərəkətlərin icrasında yiyələndiyi Avropa çempionluğu ölkəmizin gimnastika tarixində qrup komandamızın qitə çempionatında qazandığı ilk qızıl medaldır.

Xatırladaq ki, “Ulduz kimi parla” şüarı ilə keçirilən Avropa çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparıb.