Xəbərlər

Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

21 aprel 2023 182

Aprelin 21-də Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının açılış mərasimi keçirilib.

Əvvəlcə komandaların paradı olub.

Mərasimdə çıxış edən Gənclər və İdman Nazirliyinin idman bölməsinin rəhbəri Elnur Məmmədov ötən həftə paytaxtımızın bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinə uğurla ev sahibliyi etdiyini bildirib. Qeyd edib ki, bu gün isə bədii gimnastika üzrə dünya kuboku yarışları başlayır. Dünya kuboku yarışları ölkəmizdə artıq onuncu dəfədir təşkil olunur.

Elnur Məmmədov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində ölkəmizdə təşkil olunan yarışda Azərbaycanla yanaşı, 40 ölkədən 135 gimnast mübarizəyə qoşulacaq. Bədii gimnastlarımız müxtəlif illərdə bir sıra uğurlu nailiyyətlərə imza atıblar. Ötən il Azərbaycanın qrup hərəkətləri üzrə yığma komandası ölkəmizin gimnastika tarixində ilk dəfə olaraq bürünc medala sahib çıxıb, təmsilçilərimiz Avropa çempionatında 3 bürünc medal qazanıblar. Əldə olunan nailiyyətlər dövlətimizin başçısı İlham ƏliyevİN və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın idmana göstərdikləri diqqət və qayğının nəticəsidir.

Gənclər və İdman Nazirliyi adından yarış iştirakçılarına uğurlar arzulayan E.Məmmədov turniri açıq elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar.

Turnirdə ölkəmizi fərdi növdə Zöhrə Ağamirova və Alina Gözəlova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edəcək.

Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalı toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq onuncu dünya kuboku yarışları olacaq. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.