Xəbərlər

Bakıda cüdo məşqçiləri üçün seminar keçirilib

11 oktyabr 2023 362

Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının ekspertləri Mesut Kapan və Kaya Gezekerin iştirakı ilə cüdo məşqçilərinin praktiki imtahanına hazırlıq məqsədi ilə seminar keçirilib.

Məşğələlərdə ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından olan 75 məşqçi iştirak edib.

Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarət olub. Ekspertlər təlim zamanı cüdo texnikası və fəndlərin təkmilləşdirilməsi məqsədi ilə öz tövsiyələrini və praktiki biliklərini bölüşüblər.

Məşqçilərin beynəlxalq səviyyədə standartlaşdırılması məqsədi ilə bu cür seminarların davamlı olaraq keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə ötən ildən start verilən IJF-nin Akademiyasında məşqçilər üçün keçirilən proqrama 80-dən yuxarı məşqçi cəlb olunub. Onlardan 68-i imtahanları uğurla başa vurub və birinci səviyyə cüdo məşqçiliyi sertifikatı əldə edib. Cari ilin mart ayından etibarən daha 75 cüdo məşqçisi Akademiyanın proqramında təhsilə başlayıb.