Xəbərlər

Belqradda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan idman tədbiri keçirilib

28 sentyabr 2023 290

Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Real aykido nümayişi” adlı idman tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Serbiyada akkreditə olunmuş diplomatik nümayəndəliklər, bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız, idman həvəskarları, yerli KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Serbiyadakı səfirliyi və Beynəlxalq Real Aykido Federasiyasının (IRAF) təşkilatçılığı ilə keçirilən tədbirdə IRAF-nin prezidenti, 7-ci dərəcəli qara kəmər ustası İqor Petroviç, federasiyanın vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyası və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, 5-ci dərəcəli qara kəmər ustası Fariz Abdullayev, Qazaxıstan Respublikası Real Aykido Assosiasiyasının baş məşqçisi, 5-ci dərəcəli qara kəmər ustası Artyom Zaxarenko öz komandaları ilə birgə çıxışlar göstəriblər.

“Şumitse” idman mərkəzində təşkil olunan izdihamlı “Real aykido nümayişi” zamanı peşəkar idmançıların çıxışları tamaşaçılar tərəfindən heyrətlə izlənilib, bu idman növü çoxlu həvəskarları özünə cəlb edib.

Çıxış edən səfir Kamil Xasiyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gənclər və idman sahəsinə verdiyi mühüm töhfələrdən, hər zaman göstərdiyi diqqət və qayğıdan danışıb.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, Beynəlxalq Real Aykido Federasiyası dünya üzrə bu idman növü ilə məşğul olan 60-dək klubu özündə birləşdirir. Azərbaycanda da sözügedən idman növü genişlənib inkişaf edir, bu döyüş sənətini məşq edən gənclərin sayı artır. Ölkəmizdə 600-dək gənc bu idman növü ilə məşğul olur.