Xəbərlər

Beynəlxalq Cüdo Federasiyasının hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün seminar keçirilir

28 noyabr 2022 112

28 noyabr 2022-ci ildə Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar işə başlayıb. 30 noyabra qədər davam edəcək seminarda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimləri, bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən klublar, cəmiyyətlər və idman təşkilatlarının məşqçiləri olmaqla ümumilikdə 150 nəfər iştirak edir. 

Seminar zamanı ümumilikdə cüdo idman növünün qaydaları, Olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, müxtəlif cüdo texnikaları, onların təhlükəsiz tətbiqi və mübahisələrə səbəb olan epizodlar iştirakçılara izah ediləcək. Təlimdə yeni qaydalar və müxtəlif vəziyyətlər əyani formada tatami üzərində də nümayiş olunacaq.

“Biz artıq yeni Olimpiya dövrünə daxil olmuşuq. Bu dövr həmişəkindən daha qısadır və biz qaydaları düzgün şəkildə tətbiq edərək idmançılara, həmçinin cəmiyyətə maraqlı və ədalətli idman nümayiş etdirmək niyyətindəyik. Həmçinin, 2022-ci ilin iyun ayından etibarən başlayan təsnifat dövrü və 2024 Olimpiya Oyunlarının yüksək səviyyədə keçməsi üçün yeni qaydaların düzgün formada tətbiq olunması vacibdir.”, - deyə Daniel Laskau çıxışında bildirib.

ACF baş katibi Rəşad Rəsullunun sözlərinə görə Federasiya rəhbərliyinin ən önəm verdiyi məsələlərdən biri hakimlərin və məşqçilərin peşəkarlıq səviyyələrinin artırılması üçün müxtəlif təhsil layihələrinin həyata keçirilməsidir: “BCF Akademiyası ilə birlikdə başladığımız proqram və BCF-in hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə keçirilən bu seminarda təkcə hakimlərimiz və yığma komandaların məşqçiləri deyil, həm də klubları, o cümlədən regionlarımızı təmsil edən məşqçilərimiz və hakimlərimiz də iştirak edirlər. Seminarın keçirilməsində əsas məqsəd hakimlərin və məşqçilərin peşəkar səviyyəsinin, bilik və bacarıqlarının artırılması və bununla da uğurlu idmançı nəslinin yetişməsinə dəstək verməkdir. Həmçinin, əsas hədəflərimizdən biri “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərin sayının çoxaldılmasıdır. İnanırıq ki, həyata keçirdiyimiz sistemli və ardıcıl fəaliyyətlər ölkəmizdə cüdo idman növünün inkişafına həm yaxın müddətli, həm də uzunmüddətli gələcəkdə ciddi töhfə verəcək." 

Qeyd edək ki, seminar Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilir.