Xəbərlər

Birlikdə üzək yarışlarına start verildi

24 dekabr 2022 768

Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyi “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirir. Bu gün ölkə üzrə eyni vaxtda 30 idman kompleksində yarışlara start verilib. Bu münasibətlə Bakı Su İdmanı Sarayında yarışların açılışı keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edib və bütün iştirakçılara uğurlar arzulayıb.

Turnirin baş hakimi Rəşad Əbdürrəhmanov yarışın qaydaları barədə məlumat verib və nazir Fərid Qayıbov yarışı açıq elan edib. Eyni vaxtda ölkəmizin 30 idman kompleksində başlanan yarış canlı olaraq izlənilib. Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq. Bütün iştirakçılara sertifikat və medal təqdim ediləcək. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən (hər yaş qrupu üzrə ilk 3 nəfər) iştirakçılar qalib elan ediləcək və hədiyyə olaraq hovuzlara abunəlik qazanacaqlar.

İlk yarış gününün iştirakçılarına medal və sertifikatları nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, federasiyanın baş katibi Fərid Bənənyarlı, Tennis Federasiyasının vitse-prezidenti Mehman Qocayev təqdim ediblər. 

Qeyd edək ki, yarışın əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir. Yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) kişilər və qadınlar kateqoriyalarında keçirilir. Dekabrın 26-dək davam edəcək yarışlar gündə iki dəfə, saat 10:00-13:00 və 15:00-18:00 aralığında keçiriləcək.