Xəbərlər

“Böyük dəbilqə” turniri 5 medalla yadda qaldı 

25 sentyabr 2023 258

Sentyabrın 22-24-də paytaxtımız daha bir beynəlxalq yarışa - ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirinə uğurla ev sahibliyi etdi. Milli Gimnastika təşkil olunan yarışda dünyanın 61 ölkəsini təmsil edən 446 (264 kişi, 182 qadın) idmançı mübarizə apardı. Ən güclülərin Bakıda bir araya gəldiyi yarışda komandamız 33 (26 kişi, 7 qadın) cüdoçu ilə təmsil olundu. Yarışda 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan komandamız ümumi hesabda və kişilər arasında birinci yeri tutdu. Medal əyarına görə Gürcüstan idmançıları ikinci, Yaponiya yığması isə üçüncü yerdə qərarlaşdı.
Turnirin ilk günündə qadınlar arasında -48 kq çəki dərəcəsində yarışan cüdoçumuz Leyla Əliyeva gümüş medala sahib oldu. Kişilər arasında -66 kq çəki dərəcəsində yarışan cüdoçumuz Yaşar Nəcəfov finalda Yaponiya təmsilçisi Takeşi Takeoka ilə qarşılaşdı. O, yaponiyalı rəqibini ipponla məğlub edərək qızıl medala yiyələndi.
Turnirin ikinci günündə isə Hidayət Heydərov (-73 kq) və Zelim Tçkayev (-81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. 
Sonuncu yarış günündə kişilər arasında -100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev mükafatçılar sırasında yer aldı. İdmançımız həlledici görüşdə xorvatiyalı Zlatko Kumrikə qalib gələrək bürünc medala sahib çıxdı.
Turnirdə daha bir yadda qalan məqam cüdo üzrə yığma komandamızın bir neçə aparıcı üzvünün peşəkar idman karyeraları ilə vidalaşması oldu. Belə ki, turnirinin ikinci günündə yerli və beynəlxalq cüdo ictimaiyyəti böyük idman aləmində silinməz iz qoymuş Rüstəm Orucovu, Orxan Səfərovu və Məmmədəli Mehdiyevi yola saldı. Yarış zamanı keçirilən tədbirdə idmançıların karyeraları boyu göstərdikləri fədakarlıq, əzmkarlıq və cüdo dəyərlərinə dönməz sədaqət kimi xüsusiyyətləri örnək göstərildi.
Karyeralarını başa vuran idmançılar onlara inanan, dəstək olan valideynlərinə və məşqçilərinə minnətdarlıqlarını bildirdilər. Sonra cüdoçuların qazandıqları nailiyyətləri əks etdirən videoçarx nümayiş olundu.