Xəbərlər

Buenos Ayres 2018 lisenziyaçıları ilə görüş keçirildi

02 may 2018 537

Bu gün Milli Olimpiya Komitəsində Buenos Ayres 2018 yeniyetmələrin Olimpiya Oyunlara lisenziya əldə etmiş idmançılar, həmçinin məşqçilər və federasiya nümayəndələri ilə görüş keçirildi.

Tədbiri giriş sözü ilə açan MOK-un idman mütəxəssisi Vaqif Əliyev bu oyunların əhəmiyyətindən danışdı. Buenos Ayres 2018-ə hazırlıq, yaşayış və akreditasiya məslələri haqqında məlumat verərək qarşıdan gələn oyunlarda idmançılara uğurlar arzu etdi.

Daha sonra MOK-un əməkdaşı Ceyhun Rəhmanov tərəfindən BOK və Olimpiya Gündəliyi 2020 haqqında məlumat verildi. Olimpiya Gündəliyi 2020-nin əsas müddəası olan Dopinqlə mübarizə haqqında video çarx təqdim olundu.

Milli Olimpiya Komitəsinin əməkdaşı, Buenos Ayres 2018-in gənc səfiri Səkinə Vəliyeva Oyunlar haqqında ətraflı məlumat verdi. Təqdimat zamanı idman yarışlarının sayı, növləri, onların keçiriləcəyi məkanlar, iştirakçı idmançıların və rəsmilərin ehtimal olunan sayı, idmançıların qalacaqları binalar və digər mühüm əhəmiyyət kəsb edən sahələr barədə iştirakçılara ilkin məlumat verildi. Həmçinin, bu oyunlarda xüsusi diqqət dopinqlə qarşı mübarizəyə yönəldildiyi qeyd olundu.

Tədbir iştirakçıların – atlet və məşqçilərin sual cavab sessiyası ilə sona çatdı.

Xatırladaq ki, yeniyetmələrin III Yay Olimpiya Oyunları Argentinanın Buenos Ayres şəhərində 6-18 oktyabr tarixində keçiriləcək. Oyunlarda 4 minə yaxın idmançının iştirakı gözlənilir. Hal-hazırda Azərbaycan yığma komandasının hesabında 7 lisenziya mövcuddur ki, bunlardan 2 üzgüçülük, 1 gimnastika, 2 stolüstü tennis, 1 taekvondo və 1 boks idman növü üzrə əldə olunub.