Xəbərlər

"Caspian Open" beynəlxalq karate turniri uğurla başa çatıb

28 noyabr 2022 117

26-27 Noyabr tarixlərində Azərbaycan Karate Təşkilatının (AKT) "Caspian Open" beynəlxalq karate turniri keçirilib. 

 

     Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəstəyi ilə Bakı İdman Sarayında növbəti yarışda 4 ölkədən 1000-dən artıq idmançı iştirak edib. 

 

     Yarışın açılış mərasimində dövlət himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını sipər edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Turnirin təşkilatçılarından Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının prezidenti Vilayət Əmirov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AMKF-in baş katibi Camal Murtuzəliyev, eləcə də digər fəxri qonaqlar çıxışlarında döyüş sənətlərindən olan karate idman növünün ölkədə inkişafından danışaraq perspektivli idmançılara uğurlar arzulayıb. Qonaqlara fəxri diplomlar təqdim edildikdən sonra, mərasim bədii hissə və nümunəvi çıxışlarla davam edib.   

   

     AKT-nin prezidenti Rənad Əliyev və vitse-prezident Gündüz Mahmudov 6-18 yaşlı uşaq, yeniyetmə və gənclər arasında növbəti Caspian Open turnirinə böyük maraq olduğunu, qarşıdakı dövrdə yarışa bir sıra yeni ölkələrin də cəlb ediləcəyini bildirib.   

 

     Ümumi nəticədə Arpaçay, Qara Qaplan və Fövqaladə Hallar Nazirliyinin karate klubu ən yüksək nəticə ilə müvafiq olaraq ilk üçlükdə yer alıb.