Xəbərlər

Çingiz Hüseynzadə: Cüdoçularımızın Olimpiya lisenziyaları demək olar ki, ciblərindədir

07 dekabr 2023 254

“Bu il Paris Olimpiadasına hazırlıq ili kimi qiymətləndirilsə də, Azərbaycan idmanında uğurlu nəticələr oldu. Olimpiya Hərəkatının təbliğində böyük işlər gördük. Qala gecəsi də məhz buna həsr olunmuşdu. Tədbirdə idman sahəsində ən aktiv olan şəxslər və qurumlar mükafatlandırıldı”.

 

Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilin idman yekunlarına həsr olunmuş “Olimpiya gecəsi” mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, əsas hədəf 2024-cü ilin yayında Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlıdır: “Son Olimpiadalar göstərir ki, biz nüfuzlu yarışa orta hesabla 50 lisenziya qazanırıq. Düzdür, pandemiya dövründə lisenziya sayı az oldu. Bu da başadüşüləndir. Güman edirəm ki, say yenə də həmin rəqəm ətrafında olacaq. Yeni idman növləri üzrə lisenziyalar ola bilər. Bu gün ənənəvi idman növlərində lisenziya sayı az görünür. Amma əsas yarışlar qarşıdadır. Güləşçilər üçün Bakıda vacib turnir olacaq. İnanıram ki, onlar maksimum sayda lisenziya əldə edəcəklər. Cüdoçularımızın lisenziyaları demək olar ki, ciblərindədir. Onlar top idmançıları sırasındadırlar. Boks və digər idman növlərində də gözləntilərimiz var”.

 

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.