Xəbərlər

Çingiz Hüseynzadə: "İdmançılarımız peyvəndləməyə növbəsiz cəlb oluna bilər"

12 mart 2021 267

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılara peyvənd vurulması zəruri deyil. Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin sözlərinə görə, iştirakçı ölkələr qarşısında belə bir şərt qoyulmayıb.

 

Ç.Hüseynzadə bildirib ki, idmançılar və nümayəndə heyətinin üzvləri peyvənd olunsalar belə, onlar yarış müddətində 4 gündən bir PZR test verməlidirlər: “Bizim hələ də Tokioya gedəcək idmançılarımızın tam siyahısı məlum deyil. Bundan başqa, lisenziya yarışlarında iştirak etməli olan idmançılarımızdan bəziləri bu müddət ərzində koronovirusa yoluxduqlarına görə, beynəlxalq yarışlara da qatıla bilməyiblər. Onların qanında artıq virusa qarşı antitel formalaşıb”.

 

MOK-un vitse-prezidenti qeyd edib ki, bütün göstəricilər nəzərə alınaraq, olimpiadada iştirak edəcək idmançılar arasında peyvəndlənmə prosesinə fərdi yanaşılacaq: “Çünki bu, fərdi məsələdir. Burada hər bir idmançıya individual yanaşma nümayiş etdirəcəyik. Xüsusi olaraq qeyd edim ki, lazım olacağı təqdirdə, biz bütün idmançılarımızı peyvənd etməyə qadirik və onlar növbə gözləmədən bu prosesə cəlb olunacaqlar”.

 

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul – 9 avqust 2020-ci ildə keçirilməli idi. Lakin koronavirus pandemiyası ilə əlaqədar Oyunlar bu il 23 iyul – 8 avqusta təxirə salınıb.