Xəbərlər

Çingiz Hüseynzadə: Tələbə idmançılarımızın XXXI Yay Universiadasında yaxşı nəticələr əldə edəcəyinə inanıram

25 may 2023 175

Azərbaycan idmançıları Yay Universiadalarında uğurla çıxış ediblər. Atletlərimizin hesabında qızıl medallar da var.

Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AZƏRTAC-a açıqlamasında deyib.

Vitse-prezident qeyd edib ki, idmanın atletika növündə bir neçə qızıl medalımız, hətta ikiqat universiada çempionlarımız da var. Bu il Çində keçiriləcək XXXI Yay Universiadasında da idmançılarımızın iştirakı nəzərdə tutulub. Universiadada tələbə idmançılar iştirak edir və Azərbaycanda pandemiya ilə əlaqədar olaraq tələbə idmanı bir az zəifləyib. Pandemiya dövründə uzun müddət ali təhsil müəssisələri çalışmadı. Ancaq inanıram ki, tələbə idmançılarımız bu il keçiriləcək universiadada yaxşı nəticələr əldə edəcəklər.

Qeyd edək ki, XXXI Yay Universiadası iyulun 28-dən avqustun 8-dək Çinin Çendu şəhərində keçiriləcək.