Xəbərlər

Cüdoçularımız Yaponiyada təlim düşərgəsində iştirak edir

24 fevral 2023 299

Azərbaycanın cüdo üzrə milli yığma komandası 20 fevraldan etibarən Yaponiyada Kokuşikan Universitetində təşkil edilən cüdo təlim düşərgəsində iştirak edir. Təlim-məşq toplanışına böyüklərdən ibarət milli yığma komandanın 17 üzvü qatılıb. Hazırlıq prosesi martın 4-nə qədər davam edəcək.

Kişilərdən ibarət milli yığmanın komandasının baş məşqçisi Riçard Trautmanın sözlərinə görə sözü gedən təlim-məşq toplanışı may ayında Qatarda baş tutacaq Dünya çempionatına uzunmüddətli hazırlığın bir hissəsidir. Həmçinin hazırlıq prosesi milli yığmanın idmançılarının bilik və bacarıqlarını artırmaq üçün əla fürsət yaradır: “Təlim-məşq zamanı idmançılar dözümlülüklərini artırırlar. Əsasən klassik üslubda güləşən idmançılara qarşı hücum və müdafiəni təkmilləşdirirlər.”

Qeyd edək ki, təlim-məşqdə Azərbaycan idmançıları ilə yanaşı İsrail, Gürcüstan, Almaniya və Yaponiya milli yığmalarınıb idmançıları da iştirak edir.

Təlim-məşq toplanışında Kəramət Hüseynov, Balabəy Ağayev, Turan Bayramov, Nazir Talıbov (-60 kq.), Orxan Səfərov, Yaşar Nəcəfov (-66 kq.), Hidayət Heydərov, Nurlan Osmanov (-73 kq.), Səid Mollayi, Rüstəm Orucov, Zelim Tçkayev, Elcan Hacıyev (-81 kq.), Məmmədəli Mehdiyev, Murad Fətiyev (-90 kq.), Zelim Kotsoyev (-100 kq.), Uşanqi Kokauri və Camal Qamzatxanov (+100 kq.) iştirak edirlər.

Cüdoçularımıza performans direktor Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov rəhbərlik edir.