Xəbərlər

Dağ velosipedi üzrə Bakı Kubokunun qalibləri müəyyənləşib

10 avqust 2022 617

Avqustun 10-da Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə dağ velosipedi (MTB) üzrə Bakı Kuboku keçirilib. Xocasəndə yerləşən Dağ Velosipedi Parkında baş tutan yarışda U15, U17, gənclər yaş kateqoriyalarında olan oğlanlar, həmçinin Elit/U23 yaş kateqoriyasında olan kişi velosipedçilər iştirak edib.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən keçirilən yarışda ümumilikdə 30 idmançı mübarizə aparıb.

15 və 17 yaşadək oğlanlar təyin olunmuş marşrut üzrə 2 dairə, gənc oğlanlar və Elit/U23 yaş kateqoriyasında olan kişilər isə 3 dairə qət ediblər.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 15 və 17 yaşadək oğlanlar arasında ən sürətli velosipedçi Maksim Polikarpov olub və 1-ci yerə layiq görülüb. Qəhrəman Hacızadə 2-ci, Cavid Qəfərli isə 3-cü yerə çıxıb.

Gənc oğlanlar və Elit/U23 yaş kateqoriyasında olan kişilər arasında Hüseyn Bağırzadə hamıdan yaxşı nəticə göstərərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun ən yaxın izləyicisi Rasim Əlizadə olub və 2-ci yerdə qərarlaşıb. İlk üçlüyü Mübariz Süleymanov tamamlayıb.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. İdmançılara mükafatları Azərbaycan Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva və Federasiyanın Hakimlər Kollegiyasının üzvü Səbinə Xankişiyeva təqdim ediblər.