DÇ-nin son günündə Muradla Həsrət gümüş medal qazandı
24 sentyabr 2023 187

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Yarışın 8-ci günündə yunan-Roma güləşi üzrə son 3 çəkidə mübarizəyə start verilib.
Mübarizəyə 1/8 finaldan qoşulan Murad Məmmədov (63 kq) amerikalı Xavyer Consona və ermənistanlı Qraçya Poqosyana 3:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında serbiyalı Georgi Tibilovla qarşılaşan Məmmədov 4:1 hesablı qələbəyə sevinib. Murad həlledici görüşdə gürcüstanlı Leri Abuladzeylə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olsn 28 yaşlı pəhləvanımız gümüş medalı boynundan asıb.
Həsrət Cəfərov (67 kq) əvvəlcə meksikalı Edson Qutyerə heç bir şans tanımayıb - 8:0. İstedadlı pəhləvanımız 1/8 finalda macarıstanlı İştvan Vançanın öhdəsindən gəlib - 5:1. Cəfərov 1/4 finalda iranlı olimpiya və dünya çempionu Məhəmməd Rza Gerayi ilə qarşılaşıb. Titullu rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Həsrət 2 il əvvəlki məğlubiyyətin revanşını alıb. Milli üzvü yarımfinalda isə gücünü ermənistanlı Slavik Qalstyana göstərib - 5:3. Beləliklə, karyerasında ilk dəfə dünya çempionatının finalına yüksələn Cəfərov həm də ölkəmizə olimpiya lisenziyası qazandırıb. Həsrət finalda Tokio Olimpiadasında 60 kq-da qızıl medal qazanmış kubalı Luis Sançeslə güləşib. Hesabda 3:1 önə keçən gənc güləşçimiz bu üstünlüyünü sonadək qoruya bilməyib. 3:4 hesablı məğlubiyyət Cəfərovun dünya ikincisi olmasıyla nəticələnib.
İslam Abbasov (87 kq) moldovalı Viorel Burduyaya 5:1 hesabıyla qalib gələrək 1/16 finala yüksəlib. Güləşçimiz əlcəzairli Baxir Sid Azaranı isə sonuncu xal prinsipinə əsasən (1:1) üstələyib. Ancaq 1/8 finalda macarıstanlı David Losontsi ilə bacarmayıb - 0:8. Rəqib finala yüksəldiyi üçün Abbasov təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. İslam əvvəlcə qırğızıstanlı Azat Salidinovdan (5:1), daha sonra isə belaruslu Kiril Maskeviçdən (6:1) güclü olub. Güləşçimiz bürünc medal uğrunda bolqarıstanlı Semyon Novikova (0:6), olimpiya lisenziyası uğrunda görüşdə isə qazaxıstanlı Nursultan Tursinova (0:8) məğlub olub.
Bənzər xəbərlər

Rüstəm Orucov: Bəzən cüdodan uzaqlaşdığıma görə depressiyaya düşürəm
“Belə kreativ mükafata layiq görüləcəyimi gözləmirdim. Mənim üçün də sürpriz ... Ətraflı

“Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib
Sayca 9-cu dəfə təşkil olunan şahmat üzrə "Vüqar Həşimov Memorial-2023" ... Ətraflı