Xəbərlər

Entoni Sensber: “Qarşıda bizi nəyin gözlədiyini demək çox çətindir”

21 fevral 2021 651

Böyük Britaniya və müstəqil paralimpiya komandalarının şef-de-missionu, Britaniya Paralimpiya Assosiyasiyasının fəxri vitse-prezidenti Entoni Sensber Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə verdiyi müsahibəsində bir çox məqamlara aydınlıq gətirib:

 

“Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, paralimpiya tarixində və ümumiyyətlə, idman tarixində çətin vəziyyət yaranıb. Həm azarkeşlər, həm təşkilatçılar, həm də atletlər nə edəcəklərini dəqiq bilmirlər və bir çox sualın cavabı hələ də açıq qalır. Fikrimcə, həm Beynəlxalq Olimpiya Komitəsi, həm də Paralimpiya Komitəsi çox yaxın zamanda bütün bu suallara aydınlıq gətirəcək, çünki təşkilatçılar və Yaponiya hökuməti artıq kifayət qədər hazırlıq görüblər. Hər kəs bu yarışın nə qədər önəmli olduğunu dərk edir. Qarşıda bizi nəyin gözlədiyini demək çox çətindir”.

 

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə əməkdaşlığı yüksək qiymətləndirən Entoni Sensber sözlərini bu fikirlə davam etdirib. “Ölkənizin Olimpiya və Paralimpiya Hərəkatına təsirini, eyni zamanda siz tərəfdən görülən işləri yüksək qiymətləndirirəm. Fikrimcə, Azərbaycan Paralimpiya Komitəsi ilə yaxın münasibətlər və tərəfdaşlıq çox önəmlidir. Bu həm də sosial cəhətdən cəmiyyətə fayda verir. Məsələn, artıq bir neçə şirkət fiziki məhdudiyyətli insanları işə qəbul etməyi qarşısına hədəf qoyub. Paralimpiya Hərəkatı buna xüsusilə töhfə vermiş oldu. Azərbaycanda da bu tendesiya müşahidə olunur. Azərbaycan hökuməti bu yolda bir çox ciddi addımlar atıb. Bununla da, ölkəniz hər kəs üçün bir nümunə mənbəyidir”.

 

Britaniya Paralimpiya Assosiyasiyası rəsmisinin fikrincə Paralimpiya Hərəkatının inkişafı, Olimpiya Hərəkatı ilə çox oxşardır. Bu inkişafa nail olmaq üçün ilk olaraq, hər bir ölkədə idmana diqqət və qayğı göstərilməlidir ki, bu Olimpiya və Paralimpiya Hərəkatına marağı da təşviq edəcək. Bu isə öz növbəsində peşəkar idmançıların sayını artıracaq. Entoni Sensber son 10 ilə qədər Azərbaycan Paralimpiya Komitəsi ilə Beynəlxalq Paralimpiya Komitəsinin inkişaf edən əlaqələrindən də danışıb. O Azərbaycanın bir çox federasiya rəsmiləri, komitə üzvləri ilə yaxın dostluq münasibətləri olduğunu qeyd edib.

 

“Siz təəccüblənə bilərsiniz ki, bizim bu qədər yaxın dostluğumuz haradan qaynaqlanır? Bir neçə il əvvəl bir layihə çərçivəsində görüşdük. Bu, Yenilməzlər Hərəkatı idi. Məhz orada sizin mentalitetinizə heyran olduq. Bütün təşkilatlar–həm hökumət, həm də sosial yönümlü təşkilatlar birləşərək fiziki məhdudiyyətli insanlar üçün əlindən gələni edirdilər. Bu, çox təqdirəlayiq addımdır. Layihə çərçivəsində bütün qurumlar birləşmişdilər və hər kəs nə isə qazandı. Bu Yenilməzlər Hərəkatını Azərbaycanda Paralimiya Hərəkatının simvolu kimi göstərə bilərik”.

 

Böyük Britaniya və müstəqil paralimpiya komandalarının şef-de-missionu, Britaniya Paralimpiya Assosiyasiyasının fəxri vitse-prezidenti Entoni Sensber Azərbaycanda müxtəlif yönlərdə istər uşaqların proqramında, istərsə də qış idman növlərində bu inkişafın müşahidə olunduğunu da bildirib.

 

“Bununla da siz Belarus və Gürcüstan kimi ölkələrə nümunə oldunuz. Onlar bu proqramları sizdə görərək təşkil etməyə başladılar, məhz sizdən bəhrələndilər. Son 10 ildə fantastik iş görmüsünüz və düzgün yoldasınız” sözləri ilə Entoni Sensber fikrini tamamlayıb.