FAİQ ƏBDÜL OĞLU RƏCƏBOV
04 yanvar 2025 962
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) keçmiş baş katibi, Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti Faiq Rəcəbov yanvarın 3-də ömrünün 92-ci ilində vəfat edib.
Uzun illər Azərbaycan idmanının inkişafında böyük xidmətləri olan Faiq Əbdül oğlu Rəcəbov 1933-cü il fevralın 19-da Bakı şəhərində anadan olub. O, erkən yaşlarından gimnastika idman növündə ilk uğurlarını qazanmağa başlayıb.
Faiq Rəcəbov yeniyetmələr arasında paytaxt və Azərbaycan birinciliklərində, o cümlədən tələbələr arasında keçirilən spartakiadalarda yüksək nəticələr əldə edib. Bu nəticələrə görə o, idman gimnastikası üzrə SSRİ idman ustası adına layiq görülüb.
Faiq Rəcəbov Azərbaycan yığma komandasının üzvü kimi SSRİ çempionatlarının, SSRİ Xalqları Spartakiadasının iştirakçısı olub. Görkəmli idman mütəxəssisi uzun illər ictimai fəaliyyəti ilə böyük rəğbət qazanıb.
Belə ki, o, 1980-1990-cı illərdə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi çalışıb. 1994-1997-ci illərdə isə Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi olub. Avropa Olimpiya Komitəsinin Texniki Komissiyasının üzvü seçilib.
Faiq Rəcəbov 2022-ci ildə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının Bədən Tərbiyəsi və İdman Xadimi" fəxri adı ilə təltif edilib.
Tanınmış idman mütəxəssisi, veteran idmançı və səmimi insan Faiq Rəcəbovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı sosial media hesablarında paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 28 May - Müstəqillik Günü ... Ətraflı
Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, ... Ətraflı