Xəbərlər

Fərid Mansurov: Dünya və Avropa çempionatlarında iştirak etmək də Vətənə xidmətdir

04 mart 2026 - 13:20 31

Məktəblərdə idman dərslərinin keçirilməsi bir inkişafdır. Nəzərə alsaq ki, məktəb yaşlarından biz yeniyetmələrimizə idmanı sevdirsək, ilk növbədə onlara sağlam həyat tərzini aşılamış olarıq və kütləviliyi bir az da artırmış olarıq.

 

Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov Milli Məclisdə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və idman federasiyaları ilə keçirilən görüşdə deyib.

 

O federasiyalar adından bəzi məqamlara diqqəti çəkib “17 yaşından, məktəbi bitirdikdən sonra universitetə qəbul olan idmançılarımız təhsillərini davam etdirirlər. Ali təhsil müəssisəsinə qəbul olmayanlar isə hərbi xidmətə gedirlər. Dünya və Avropa çempionatlarında iştirak etmək də Vətənə xidmətdir. Bunu nəzərə alsaq, bu halda həmin yaşlarda idmançıları itirmiş oluruq. Dünya və Avropa çempionatlarında hər çəki dərəcəsində bir idmançı iştirak edir. Həmin idmançı nəticə qazandığı halda Azərbaycan İdman Akademiyasına qəbul olunur. Digərləri isə kənarda qalır. Atlet 1 il 6 ay hərbi xidmət çəkdikdə, onu itirmiş oluruq. Belə olan halda peşəkar idmanda rəqabət itir, davamı gəlmir, nəticə verən federasiyalar məcbur olurlar ki, müəyyən çəki dərəcəsində legioner idmançıları dəvət etsinlər. Bu məsələ qanunla tənzimlənsəydi, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılsaydı, hər hansı meyarlar həyata keçirmək mümkün olsaydı, yaxşı olardı”.