Xəbərlər

"Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi"nə yekun vurulub

19 avqust 2023 142

Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkil etdiyi "Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı düşərgəsi"nə avqustun 18-də yekun vurulub.

Avqustun 14-də start götürən düşərgədə Bakı, Sumqayıt və Xırdalandan seçilmiş 55-ə yaxın 2007-ci, 2008-ci, 2009-cu və 2010-cu il təvəllüdlü voleybolçu qızlar iştirak ediblər.

Düşərgə yeniyetmə və gənclərdən ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərliyi ilə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub. Düşərgə zamanı mütəxəssisə AVF-nin məşqçiləri köməklik göstəriblər.

5 gün davam edən düşərgədə hər yaş qrupuna gündə iki dəfə məşqlər keçilib. Burada uşaqlara voleybolun incəlikləri öyrədilib və onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçirilib.

Həmçinin düşərgənin ilk günlərində federasiya rəhbərliyi buranı ziyarət edib, uşaqlarla görüşüb və onların vəziyyətləri ilə maraqlanıb.

Qeyd edək ki, yeniyetmə voleybolçular bir neçə ay ərzində ölkənin müxtəlif regionlarında keçirilmiş seleksiya məşqlərində müəyyən edilərək seçiliblər. Uşaq voleybolunun inkişafı istiqamətində tədbirlər çərçivəsində baş tutan belə seleksiya məşqləri və düşərgələr mütəmadi keçiriləcək. Seçimlərin və düşərgələrin təşkilində əsas məqsəd gənclərdən ibarət milli komandaların formalaşdırılması və beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.