Gəncədə Gənc Atletlər Forumu keçirilib
27 oktyabr 2026 - 23:34 14
Oktyabrın 24-dən 25-nə kimi Gəncə şəhərində Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının təşkilatçılığı ilə Gənc Atletlər Forumu baş tutub.
İki gün davam edən forumda müxtəlif idman növlərini təmsil edən gənc idmançılar və mütəxəssislər bir araya gəliblər. Tədbirin əsas məqsədi gənc idmançıların maarifləndirilməsi, onların idman karyeralarında vacib olan bilik və bacarıqlarının artırılması, təhlükəsiz və sağlam idman mühitinin təşviqi, eləcə də idman etikası və təmiz idman prinsiplərinin təbliğ edilməsi olub.
Forumda MOK-un Beynəlxalq Proqramlar İdarəsinin müdiri Ceyhun Rəhmanov, Atletlər Komissiyasının sədri Fəridə Əzizova iştirak edib.
Proqram çərçivəsində ilk olaraq Nazim Babayev “Atletlər Komissiyasının missiyası və idmançıların karyeralarında rolu” mövzusunda təqdimatla çıxış edib. Daha sonra Atletlər Komissiyasının sədri Fəridə Əzizova “Təhlükəsiz və effektiv şəkildə çəki itirmək: idmançının sağlamlığı” mövzusunu iştirakçıların diqqətinə çatdırıb. Azərbaycan İdman Akademiyasının İdman Tibbi Tədqiqatlar Laboratoriyasının baş mütəxəssisi Hakim İbrahimov isə idmanda doğru qidalanma və gündəlik rasionun tərtibi qaydaları haqqında ətraflı məlumat verib. Günün sonunda gənc idmançıların fəal iştirakı ilə Olimpiya Mədəniyyəti və Təhsili Proqramının beynəlxalq dərəcəli təlimçisi Namiq Cəfərov tərəfindən interaktiv oyunlar təşkil olunub.
Forumun ikinci günü təhlükəsiz idman, dopinqlə mübarizə və idman etikası mövzularına həsr edilib. Beynəlxalq Olimpiya Komitəsinin təhlükəsiz idman üzrə beynəlxalq dərəcəli eksperti Ayan Xankişiyeva, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov və Etika Akademiyasının rəhbəri Günel İbrahim öz sahələri üzrə məruzələrlə çıxış edərək idmançıların suallarını cavablandırıblar.
Məruzələrdən sonra gənc idmançıların da yaxından qatıldığı idman yarışları və interaktiv fəaliyyətlər keçirilib. Tədbir fəallıq göstərən idmançıların mükafatlandırılması mərasimi ilə yekunlaşıb.
Bənzər xəbərlər
Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya ... Ətraflı
Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya ... Ətraflı