Gimnaziada: Azərbaycan multi-idman yarışlarında yeni tarix yazdı
17 aprel 2025 171

Serbiyada keçirilmiş Gimnaziada İdman Oyunları Azərbaycan üçün bir çox uğurla yadda qaldı.
İdmançılarımız 15 yaşadək məktəblilərdən ibarət yığmalar arasında təşkil olunmuş yarışlarda ən yaxşı göstəricisinə imza atdı.
Bunadək Azərbaycanın Gimnaziadada ən uğurlu nəticəsi ötən il U-18-lər arasında Bəhreyndə keçirilmiş turnirdə qeydə alınıb. Təmsilçilərimiz həmin yarışda 77 medala (23 qızıl, 26 gümüş və 28 bürünc) sahib çıxmışdılar. Bununla da komandamız multi-idman oyunlarını 7-ci yerdə başa vurmuşdu.
Bu il isə Azərbaycan Serbiyada tarix yazmağı bacardı. Gimnaziadada 191 idmançı (boks, şahmat, kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, tennis, idman gimnastikası, badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis, taekvondo, karate, cüdo, güləş, qılıncoynatma və atletika) ilə təmsil olunan komandamız Vətənə 85 medalla ( 35 qızıl, 22 gümüş və 28 bürünc) döndü. Bəhreyn Gimnaziadasında 23 idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdısa, bu il qızıl medal sayı 35-ə yüksəldi. Bu da Azərbaycan idmanının beynəlxalq arenalarda ildən-ilə nəticələrini yaxşılaşdırdığının əyani sübutudur.
Taekvondo və boks “qızıl” sayına görə digər idman növlərindən seçildi. Taekvondoda 10, boksda isə 9 təmsilçimiz birinci yeri tutdu. Ümumi medal sayına görə (25) isə güləşçilərimiz digər idmançılarımızı qabaqladı.
Azərbaycan müxtəlif əlilliyi olan idmançıların iştirak etdiyi parabadminton və paraüzgüçülükdə də medalsız qalmadı. Parabadmintonda (fərdi yarışda) 3 qızıl, 1 gümüş və 2 bürünc, paraüzgüçülükdə isə 1 gümüş və 2 bürünc medal əldə olundu.
İdmançlarımız şahmat, 3x3 basketbol, stolüstü tennis, atletika, barabadminton (komanda yarışı), kamandan oxatma və çimərlik voleybolunda isə fəxri kürsüyə qalxa bilmədilər. Lakin Gimnaziada həmin idmançlara gələcək yarışlara necə hazırlaşmalı olduqlarını göstərdi.
Beləliklə, Azərbaycan Çin, Ukrayna və Brazilyadan sonra Gimnaziada İdman Oyunlarını 85 medalla 4-cü pillədə tamamlayaraq ilkə imza atdı. Müsəlman ölkəri arasında İran 86 mükafat qazansa da, komandamız medalların əyarına görə qonşu ölkəni üstələməyi bacardı.
Serbiyadakı Oyunlarda rekord iştirakçı sayını nəzərə alsaq, 4-cü yeri Azərbaycan üçün kifayət qədər yaxşı nəticə hesab etmək olar. Belə ki, Gimnaziadanın keçirildiyi Serbiya 60-a yaxın ölkə və regionu təmsil edən idmançılar, məşqçilər və rəsmilər də daxil olmaqla, ümumilikdə 4000-ə qədər iştirakçını qəbul etdi.
Qlobal miqyasda multi-idman yarışılarında mübarizə aparmaq gənc idmançılar üçün yaxşı təcrübədir. Burada yeniyetmə idmançılar təkcə region ölkələrindən və ya Avropadan olan həmyaşıdları ilə deyil, həm də digər qitələrdən olan rəqibləri ilə üz-üzə gəlirlər. Bu da onların inkişafı üçün müsbət məqamdır.
Bənzər xəbərlər

Həndbolçular üçün maarifləndirmə seminarı keçirilib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) həndbolçular üçün maarifləndirmə seminarı keçirib.
Bu ... Ətraflı

Komandamız Dünya kubokunda 18-ci yeri tutub
Atıcılıq üzrə gənclər arasında Dünya kuboku davam edir.
Almaniyanın Sul şəhərində ... Ətraflı