Xəbərlər

İdman jurnalistlərinin ikinci respublika konfransı keçirildi

20 fevral 2021 335

Fevralın 20-da videokonfrans formatında Azərbaycan idman jurnalistlərinin ikinci respublika toplantısı keçirilib.

 

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AIJF) təşkilatçılığı ilə keçirilən tədbirdə idman mediasının nümayəndələri və idman qurumlarının mətbuat katibləri iştirak ediblər. Əvvəlcə Vətən müharibəsində çanından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra AİJF-nin illik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

 

AİJF prezidenti Qabil Mehdiyev çıxış edərək ötən il ərzində qurumun fəaliyyəti ilə bağlı hesabat verib. O, qeyd edib ki, qarşıya qoyulan planların hamısının koronavirus pandemiyasına görə, karantin rejimi səbəbindən həyata keçirilməsi mümkün olmasa da, mövcud şəraitə uyğun icrası mümkün olan bütün tədbirlər həyata keçirilib. Müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolu olan 44 günlük Vətən müharibəsində idman jurnalistləri və idmançıların da böyük şücaət göstərdiklərini vurğulan Qabil Mehdiyev AİJF-nin nümayəndələrinin Vətən müharibəsində canından keçən şəhid idmançıların ailələrini ziyarət etdiyini, müharibə iştirakçıları, qazilər ilə görüşlər keçirdiyini bildirib.

 

Medianın İnkişafı Agentliyi ilə əməkdaşlığa dair danışıqların aparılması ilə bağlı danışan Qabil Mehdiyev bu müzakirələrin davam etdiyini diqqətə çatdırıb.

 

Toplantıda AİJF-nin ötən müddət ərzində keçirilən tədbirlər sırasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli Karate Federasiyası ilə əməkdaşlığa dair anlaşma memorandumlarının imzalanması, Kiberidman Federasiyası ilə birlikdə idman jurnalistləri arasında PES2020 üzrə Azərbaycan çempionatının təşkili, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ölkənin bütün KİV-lərinin xanım idman jurnalistləri ilə görüşün keçirilməsi, Mətbuat Günü münasibətilə veteran idman jurnalistlərinin ziyarət edilməsi, koronavirusa qarşı mübarizə məqsədilə sosial təbliğat videoçarxlarının hazırlanması xüsusi vurğulanıb.

 

Qabil Mehdiyev bildirib ki, AİJF üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına qoşulublar və aksiyaya görə Birinci vitse-prezidentin təşəkkür etdiyi təşkilatlar arasında AİJF də yer alıb. Tədbirdə o da qeyd edilib ki, qurum Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə birlikdə dopinqlə mübarizəyə aid KİV nümayəndələri arasında vebinarlar, “Sidney-2000” Olimpiadasındakı iştirakının 20 illiyi münasibətilə videokonfrans keçirib, eləcə də, idman jurnalistləri arasında Mirpaşa Miriyevin 100 illik yubileyi münasibəti ilə yazı müsabiqəsi təşkil edib.

 

Qabil Mehdiyev ötən müddət ərzində qurumla sıx əməkdaşlıq edən Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Milli Antidopinq Agentliyinə və müxtəlif idman qurumlarına minnətdarlığını bildirib.

 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova, MOK-un mətbuat xidmətinin rəhbəri Günay Malikqızı AİJF idarə heyətinin üzvləri Mahir Rüstəmli, Firuz Abdulla, Vüqar Zeynalov, Sənan Şəfizadə, idman jurnalistləri Vüqar Vüqarlı, Şəmsəddin Abbasov, Aydın Bağırov, Ağa Dadaşzadə, İlkin Baba, Kamran Hacı, Seymur Teymurov, Ceyhun Əliyev, AMADA-nın mətbuat xidmətinin rəhbəri Vamiq Nəsirov çıxış edərək idman jurnalistikasının problemlərindən və gələcək perspektivlərindən söhbət açıblar. Daha sonra idman mediasını narahat edən məsələlər müzakirə edilib.