Xəbərlər

"İdman və biz" saytının təqdimat mərasimi keçirilib

26 sentyabr 2023 345

Sentyabrın 26-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) akt zalında Trend Beynəlxalq İnformasiya Agentliyinin ölkəmizin idman həyatını işıqlandıracaq "İdman və biz" (idman.biz) saytının təqdimat mərasimi keçirilib. 
Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, MOK-un vitse-prezidenti Zemfira Meftaxetdinova, baş katib Azər Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Trend BİA-nın direktoru İlqar Hüseynov, ADBTİA-nın rektoru Fuad Hacıyev, müxtəlif federasiya və KİV nümayəndələri iştirak edib.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. 
Sonra Trend Beynəlxalq İnformasiya Agentiliyinin baş direktorunun müavini Sahil Kərimli çıxış edərək 2023-cü ilin avqustunda fəaliyyətə başlayan idman.biz saytının Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələri haqqında operativ və aktual məlumatlar təqdim etmək məqsədi daşıdığını bildirib. 
Sonra tədbir iştirakçılarına idman.biz saytına həsr olunmuş videoçarx nümayiş etdirilib. 
Tədbirdə çıxış edən idman.biz saytının layihə rəhbəri Anar İmanov sayt haqqında ətraflı məlumat verib. O, yeni yaradılan internet resursunun qısa müddət ərzində ölkəmizin ən böyük idman təbliğatçısına çevriləcəyinə inandığını bildirib. 

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda idman sahəsində əldə olunan uğurların geniş oxucu kütləsinə çatdırılmasında saytın əhəmiyyətindən danışıb.

Milli Olimpiya Komitəsinin vitse-prezident Çingiz Hüseynzadə isə mətbuat səhifələrində informasiyaların daha səmərəli və operativ şəkildə dərc olunmasında saytın oynayacağı rolu vurğulayıb. Çingiz Hüseynzadə çıxışında həmçinin bildirib ki, saytda təkcə idman nəticələri deyil, həm də analitik materialların yayımlanmasına da üstünlük verilsin.

Daha sonra tədbirdə çıxış edən yunan-Roma güləşi üzrə Tokio-2022 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, 2 qat dünya çempionu Rafiq Hüseynov Azərbaycanda medianın inkişafı, oxuculara idman xəbərlərinin qərəzsiz şəkildə çatdırılması və idmanın təbliği barəsində danışıb.

Qeyd edək ki, idman.biz saytı 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək.