Xəbərlər

Mariya Stadnik: Dünya çempionatında uğurla çıxış edəcəyimə inanıram

05 sentyabr 2023 177

Yarışa hazırlıqlar yaxşı gedir. Hazırda Rumıniya yığması ilə birlikdə Buxarest yaxınlığındakı Olimpiya bazasında təlim-məşq toplanışı keçirik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın qadın güləşçisi Mariya Stadnik bu ay Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı danışarkən deyib.

Doqquzqat Avropa və ikiqat dünya çempionu mundial öncəsi özünü yaxşı hiss etdiyini bildirib: “Mundialın startına az vaxt qalıb. Yarışa düzgün və sakit yanaşmaq lazımdır. İndi əsas məsələ psixoloji hazırlıqdır”.

Dünya güləşinin canlı əfsanəsi nüfuzlu yarışda özünü əsas favoritlərdən biri hesab etdiyini gizlətməyib: “Bilirsiniz ki, idman yaşım çoxdur. Ümid edirəm ki, bədənim məni pis vəziyyətdə qoymayacaq. Bir halda ki, Tanrı məni 5-ci dəfə Olimpiya Oyunlarına qatılmaq üçün bu yola yönəldib, deməli, hər şey yaxşı olacaq”.

Titullu idmançı öz çəkisində heç bir rəqibdən çəkinmədiyini vurğulayıb: “Qalib olmaq istəyirsənsə, bütün güclü rəqibləri məğlub etməlisən. Dünya reytinqində ilk 4 yeri tutanlar güclü idmançılardır. Onlara qalib gəlməliyəm”.

Mariya Stadnik dünya çempionatındakı ən böyük motivasiyasını da açıqlayıb: “İndi mənim vətənimdə əsgərlərimiz Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşür. Onların cəsarəti və gücü mənim üçün böyük motivasiyadır”.

35 yaşlı idmançı mundialda iştirak edəcəyi üçün həyəcanlı olduğunu etiraf edib: “Əlbəttə ki, həyəcan var. Mən də insanam, üstəlik qadınam (gülür). Qadınların hamısında isə emosiyalar olur”.

Qeyd edək ki, güləş üzrə dünya çempionatı sentyabrın 16-dan 24-dək təşkil olunacaq.