Xəbərlər

Milli komandamızın üzvləri “Tour of Albania” yarışında ən güclülər sırasındadırlar

25 may 2023 364

Mayın 24-də Albaniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının üçüncü mərhələsi keçirilib.

 

Şose velosipedinin qrup ötüşməsi növü üzrə təşkil edilən 5 mərhələli veloturun 3-cü yarış günündə 9 ölkədən 11 komandanın tərkibində ümumilikdə 57 idmançı mübarizə aparıb. Velosipedçilər Elbasan - Vlore marşrutu üzrə 142 km məsafə qət ediblər.

 

Yarışda iştirak edən Azərbaycanın kişilərdən ibarət Elit/U23 milli yığma komandasının üzvlərindən Samir Cəbrayılov və Musa Mikayılzadə xüsusi əzmkarlıq göstəriblər. Onlar düzgün taktiki gedişlərdən istifadə edərək finiş xəttini liderlər qrupunun tərkibində keçiblər. Fotofinişə əsasən, S.Cəbrayılov (03:06:42) 5-ci, M.Mikayılzadə (03:06:42) isə 6-cı yerə layiq görülüblər. Hər iki idmançımız mərhələnin qalibi olan Serbiya milli komandasının üzvü Luka Turkulov ilə eyni göstəriciyə imza atıblar.

 

Digər velosipedçilərimizdən Şahin Eyvazov (03:06:44) 13-cü, Kamran Mirzəxanov (03:07:48 ) 22-ci, Nəcəf Bağırov (03:16:29) 39-cu yerlə kifayətləniblər. 

 

Üç mərhələnin yekununa əsasən ümumi təsnifatda M.Mikayılzadə (09:49:42) 5-ci, S.Cəbrayılov (09:51:00) 7-ci, Azərbaycan milli komandası (29:36:41) isə 6-cı yerdə qərarlaşıblar.

 

Qeyd edək ki, üçüncü mərhələdə Azərbaycan, Türkiyə, Albaniya, Yunanıstan, Serbiya, Rumıniya, Belçika, Makedoniya və Böyük Britaniyanı təmsil edən komandalar mübarizə aparıblar.

 

Nəzərinizə çatdıraq ki, mayın 23-də keçirilən ikinci mərhələdə idmançılarımızdan ən yaxşı nəticələri M.Mikayılzadə və K.Mirzəxanov göstəriblər. M.Mikayılzadə (03:21:45) 13-cü, K.Mirzəxanov (03:21:45) isə 14-cü yerə layiq görülüblər.