Xəbərlər

Milli Olimpiya Komitəsində “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın hədəf məktəblərinin direktorları ilə görüş keçirildi

06 fevral 2019 572

Bu gün Milli Olimpiya Komitəsində “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində iştirak edəcək məktəb direktorları ilə görüş keçirilmişdir. Görüşdə 49 məktəbin direktoru, Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi, MOK-un məsul şəxsləri və proqramın işçi heyəti iştirak etmişdir.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” cari ilin iyul ayında Bakı şəhərində keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqramın əsas məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir.

Tədbirdə iştirak edən MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov, Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Vasif Məmmədov, Bakı şəhər Təhsil İdarəsinin rəisi Rəşad Tağıyev proqram çərçivəsində həyata keçiriləcək işlər, məktəblərin rol və vəzifələrindən danışdılar.

Daha sonra MOK-un əməkdaşı Səkinə Vəliyeva proqramın icrası üçün məxsusi yaradılmış @OCEP2019 ünvanlı sosial media platformasını təqdim edərək ondan proqramın icrası zamanı hansı istiqamətlərdə istifadə olunacağını izah etdi. Proqramın ekpertlər qrupunun nümayəndəsi Namiq Cəfərov məktəblərə həyata keçiriləcək işlər və ekspertlər qrupunun bu sahədəki fəaliyyətindən danışdı.

Tədbir ölkələrin Bakı şəhər məktəbləri arasında bölgüsünü təşkil etmək üçün püşkatma ilə yekunlaşdı. Qeyd olundu ki, layihə haqqında daha geniş məlumat ictimaiyyətə və media mənsublarına 21 fevral 2019-cu il tarixində “Olimpiya Fetivalına 150 Gün” çərçivəsində təşkil ediləcək təşkil təqdimatda veriləcək.

Proqram çərçivəsində hər bir iştirakçı ölkə ilə məktəblər arasında əlaqələr qurulacaq və həmin məktəb seçdiyi ölkəni təmsil edəcəkdir. Bununlada gənclər arasında Olimpiya hərəkatı və dəyərləri, bədən tərbiyəsi və idmanın təşviq olunmasında böyük rol oynayacaqdır. Proqram üçün Bakı şəhərindən 50-ə yaxın məktəb seçilmişdir.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu, Avropa Olimpiya Komitəsinin maliyyə dəstəyi, həmçinin Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı Əməliyyat Komitəsinin təşkilatçılığı ilə həyata keçirilir.