Xəbərlər

Milli Olimpiya Komitəsində Procter&Gamble nümayəndələri ilə görüş keçirilib

20 aprel 2023 397

MOK ilə  Procter&Gamble arasında qarşılıqlı əməkdaşlığın müzakirə olunduğu görüş baş tutdu. MOK-un vitse -prezidenti Çingiz Hüseynzadə qurumlar arasındakı əməkdaşlığın qısa tarixinə nəzər saldı. Çingiz Hüseynzadə bildirdi ki, Procter&Gamble uzun illər Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşı olduğu kimi Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə də əməkdaşlıq edib. Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qarşısında duran vəzifələrdən danışıldı. 
Əməkdaşlığın qarşılıqlı faydasından söz açan P&G şirkətinin Qafqaz və Mərkəzi Asiya respublikaları üzrə baş direktoru Değer Kurtaslanoğlu bildirib ki, “Procter&Gamble şirkəti olaraq idman ayrıca bir dəyər veririk və idman bizim üçün çox vacibdir”. Kurtaslanoğlu onu da qeyd edib ki, bu il 25 illik yubileyini qeyd edəcək Procter&Gamble şirkəti ənənəyə sadiq qalaraq idmana və idmançıya dəstəyini əsirgəməyəcək. MOK-un marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva xüsusi təqdimatla çıxış etdi. Təqdimatda tərəflər arasındakı əməkdaşlığın detallarından bəhs edildi. MOK-un vitse-ptrezidenti Çingiz Hüseynzadə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin ölkəmizdə başlayan sonra isə Beynəlxalq Olimpiya Komitəsinin diqqətini çəkən layihələr reallaşdırdığına da diqqət çəkdi. “Bu layihələrdən biri olan Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) artıq Beynəlxalq səviyyədə keçirilən idman yarışlarının bir hissəsinə çevrilib. 2022-ci ildə Slovakiyanın şəhəri Banska Bıstritsada keçirilən Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) buna bir nümunədir.” deyən Çingiz Hüseynzadə Procter&Gamble şirkəti ilə də beynəlxalq mühitdə tanınan bir layihə hazırlamağın mümkünlüyündən də söz açdı. MOK-un Baş katibi Azər Əliyevin də iştirak etdiyi görüşdə idmanının kütləviləşdirilməsinə xidmət edən layihələr, gələcək perspektivlərə dair məsələlərlə bağlı da fikir mübadiləsi aparıldı. 
Qeyd edək ki, Milli Olimpiya Komitəsi və Procter&Gamble şirkəti 2024-cü il ərzində əməkdaşlıq etməyə, tərəfdaş qismində çıxış etməyə razılığa gəldilər. Əməkdaşlıq ilə bağlı daha ətraflı məlumat növbəti aylarda ictimaiətə təqdim olunacaq.

Sonda xatirə fotosu çəkildi.