Xəbərlər

MOK-da Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalı iştirakçıları ilə görüş keçirilib

12 iyul 2023 279

Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançılara uğurlar arzulayan Milli Olimpiya Komitısinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışların əhəmiyyətini vurğulayıb. “Təcrübə onu göstərir ki, Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivallarında hər zaman Azərbaycan komandası fərqlənib”.  Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalının missiya rəhbəri Vaqif Əliyev Sloveniyanın Maribor bölgəsində keçiriləcək festival haqda tədbir iştirakçılarına məlumat verib. Festivalda 48 iştirakçı ölkə, 11 idman növü üzrə 3600-a yaxın 14-18 yaş həddində olan yeniyetmə idmançılarla iştirak edəcək. Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalının rəsmi açılışı 23 iyul, bağlanış mərasimi isə 29 iyul tarixlərinə təsadüf edir.  Azərbaycan idmançılarının atletika, tennis, üzgüçülük, velosiped, MTB, cüdo və gimnastika idman növlərində təmsil olunacaqlarını bildirən missiya rəhbəri Olimpiya kəndinə dair məlumatlarla yanaşı, tibbi xidmət, nəqliyyat və başqa texniki məsələlər haqqında tədbir iştirakçılarına məlumat verib. Daha sonra MOK-un Beynəlxalq Proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında OCEP məktəblilərinin iştirakından danışıb. Qeyd olunub ki, OCEP layihəsi çərçivəsində iştirakçılar üçün qurulacaq pavilyonda ölkəmizi  Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin şagirdləri təmsil edəcək. AMADA-nın Təhsil proqramları üzrə meneceri Qüdrət Səfərov isə yeniyetmə idmançılara antidopinq istiqamətində mövcud qaydalardan həmçinin onların hüquq və vəzifələrindən bəhs edib. Sonda xatirə şəkli çəkdirilib.