Xəbərlər

MOK İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı elan edir

25 dekabr 2023 425

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək məqsədilə ölkəmizdə idmanı və Olimpizmi ümumxalq hərəkatına çevirmək üçün həyata keçirdiyi siyasət uğurla davam etdirilir.

 

MOK-un təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi də bu sahədə böyük əhəmiyyət daşıyır.

 

Festival müxtəlif idman və ekstrimal idman növlərinin populyarlaşdırılması, sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin idman bölmələrinə cəlb edilməsi, Olimpiya Hərəkatı prinsiplərinin təbliğ edilməsi, mədəni maarifləndirmə və müəlliflər arasında tam təcrübə mübadiləsi imkanlarının yaradılması, idmanla bağlı filmlərin və proqramların nümayişini təşkil etməklə bütün sosial təbəqələrin yerli televiziya və kinemotoqrafiya mədəniyyəti dəyərlərinə geniş çıxışının təmin edilməsi və s. məqsədi daşıyır.  

 

Festivala dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2022-2024-cü illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş sənədli və bədii filmlər, televiziya proqramları, reklam və promo videoçarxlar təqdim edilə bilər.

 

Festivalda iştirak etmək istəyən müəlliflər və təşkilatlar müəllif hüququları onlara aid olan filmləri, proqramları, reklam və promo videoçarxları festivalın təşkilat komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim etməli və ya digər faylların ötürülməsi üçün istifadə olunan resurslar vasitəsilə [email protected] elektron poçt ünvanına göndərilməlidir. Festivala materiallar 31 yanvar 2024-cü il tarixinədək qəbul olunur.

 

Təqdim edilən materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 

 

Festivalın təntənəli bağlanış mərasimi mart ayında keçiriləcək. Qaliblərə mükafat və diplom, bütün iştirakçılara diplomlar təqdim olunacaq.

 

Festival haqqında http://millitvfest.az/, https://www.facebook.com/millitvfest.az/ sayt və sosial media hesablarından daha ətraflı məlumat əldə etmək olar.

 

İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının tərəfdaşı “Cüdo Klub 2012” İctimai Birliyi, informasiya tərəfdaşları isə AZTV, İdman TV, CBC Sport, ARB, Space, МИР və İTV televiziya kanalları, “Trend”, “milli.az”, “day.az”, “azernews.az”, “idmanvəbiz”, “turkicworld”, “olympic.az”, “olimpnews.az” portalları, “Olimpiya dünyası” qəzeti və “Sportsman” jurnalıdır.