Xəbərlər

MOK-un sosial media təcrübəsi beynəlxalq miqyasda yüksək qiymətləndirilir

14 aprel 2021 820

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin (MOK) ekspertləri dünya ölkələrinin Milli Olimpiya Komitələrinin sosial media və marketinq fəaliyyəti üçün vahid təlimat kitabçasının hazırlanması prosesində iştirak edəcəklər. Bu barədə razılıq Azərbaycan MOK nümayəndələri ilə Milli Olimpiya Komitələri Assosiasiyasinin (ANOC) uzvləri arasında onlayn formatda keçirilmiş görüşdə əldə olunub.


Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin Marketinq Şöbəsinin direktoru Mehman Kərimov və şöbənin mütəxəssisi Səkinə Vəliyeva iştirak edib, ANOC –u isə Qustavo Harada və Andres Santi təmsil edib. Mehman Kərimov ANOC nümayəndələrinə MOK-da sosial media və marketinq işinin qurulması prinsipləri haqqında məlumat verib, bu sahədə dünyanın qabaqcıl təcrübəsi ilə yanaşı MOK-un bu işə gətirdiyi yeni yanaşmaları da diqqətə çatdırıb.


ANOC nümayəndələri Azərbaycan MOK-un sosial media təcrübəsinin zənginliyini vurğulayaraq hazırda dünyanın ayrı-ayrı ölkələrinin Milli Olimpıya Komitələrinin bu sahədə səmərəli fəaliyyətinin təşkili məqsədilə vahid təlimat kitabçası üzərində işin başlandığını qeyd ediblər. ANOC nümayəndələri MOK ekspertlərinin də bu işdə yaxından iştirak etməsinin əhəmiyyətini qeyd ediblər.


Görüşdə həmçinin iki qurum arasında sosial media və marketinq sahəsində əməkdaşlığın istiqamətləri və digər məsələlər müzakirə olunub.