Xəbərlər

MOK və MPK  ilə “Procter&Gamble” şirkəti arasında tərəfdaşlıq memorandumu imzalanıb

12 oktyabr 2023 226

Oktyabrın 12-də “Four Seasons Baku” hotelində Milli Olimpiya Komitəsi (MOK) və Milli Paralimpiya Komitəsi (MPK)  ilə “Procter&Gamble” şirkəti arasında tərəfdaşlıq memorandumu imzalanıb.

 

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, MPK-nın prezidenti Hidayət Abdullayev, “Procter&Gamble” şirkətinin Qafqaz və Orta Asiya Respublikaları üzrə baş direktoru İrakli Qabriadze, P&G-nin marketinq meneceri Fəridə Babayeva, Olimpiya çempionları, müxtəlif federasiya rəsmiləri və media nümayəndələri iştirak ediblər.

 

Mərasimdə çıxış edən qlobal şirkətin baş direktoru İrakli Qabriadze bildirib ki, P&G 2012-ci ildə London Olimpiya Oyunlarında Milli Olimpiya Komitəsinin, 2020-ci ildə Tokio Olimpiya Oyunlarında Milli Paralimpiya Komitəsinin məğrur tərəfdaşı, Bakı-2015 Avropa Oyunlarında birinci rəsmi tərəfdaş olub. İmzalanmış müqavilələr uşaq və gənclər arasında idmanın populyarlaşmasına töhfə verməklə yanaşı, Olimpiya oyunlarında iştirak edən idmançıların dəstəklənməsinə xidmət edib. O, həmçinin əvvəlki uğurlu kampaniyalar kimi idmançıları həvəsləndirən “Anam üçün” kampaniyasını, yeniyetmələr üçün Olimpiya düşərgələrini, Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq və Tokio 2020-nin çempionlarının iştirakı ilə keçirilən #OyunaDavam kampaniyasını xatırladıb.

“Procter & Gamble” bu il Azərbaycanda fəaliyyətinin 25-ci ildönümünü qeyd edir. Biz Olimpiya və Paralimpiya oyunlarında milli komandaya dəstək olmaq imkanı qazanmağımızdan qürur duyuruq. Azərbaycanda fəaliyyətinin 25 illiyinə həsr edilmiş bu müqaviləyə əsasən, Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanmış və müxtəlif idman növlərini təmsil edən 12 olimpiyaçı və 13 paralimpiyaçı olmaqla, 25 atletə şirkət tərəfindən xüsusi təqaüd ayrılacaq”, - deyə İrakli Qabriadze bildirib.

 

Sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə belə əməkdaşlıqların ölkədə idmanın inkişafı üçün böyük uğur adlandırıb.

“Bu gün Azərbaycan Olimpiya nailiyyətləri və ev sahibliyi etdiyi beynəlxalq yarışlarla dünya idmanının mərkəzlərindən birinə çevrilib. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kopralosun ölkəmizə səfərləri və bir sıra önəmli görüşlərin keçirilməsi buna əyani sübutdur. Davamlı inkişaf və uğurlarımızda tərəfdaşlarımızın da rolu önəmlidir. Beynəlxalq Olimpiya Komitəsinin qlobal tərəfdaşı P&G şirkətinin məğrur tərəfdaşlarımız siyahısına daxil olması isə əhəmiyyətli yenilikdir. Paris 2024 Olimpiya Oyunlarında P&G şirkəti ilə birgə addımlayacaq, birlikdə uğur qazanacağıq”, - deyə Çingiz Hüseynzadə qeyd edib.

 

Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev isə Azərbaycan paralimpiyaçılarının müxtəlif Avropa, dünya və beynəlxalq yarışlarda dəfələrlə yüksək nəticələr əldə etdiyini, ölkə rəhbərliyinin qayğısı nəticəsində Paralimpiya hərəkatına marağın daim artdığını diqqətə çatdırıb.

“Bu günədək idmançılarımız 7 yay və 1 qış paralimpiya oyunlarında 23 qızıl, 19 gümüş və 5 bürünc olmaqla, ümumilikdə, 47 medal qazanaraq, yüksək nəticələr göstəriblər”, - deyə Hidayət Abdullayev bildirib. O, paralimpiyaçılarımızın növbəti qələbələr qazanacağına əminliyini və “Procter&Gamble” şirkətinə göstərdiyi dəstəyə və təşəbbüsə görə minnətdarlığını bildirib, Paris-2024 Olimpiya və Paralimpiya Oyunlarında idmançılarımıza böyük qələbələr arzulayıb.

 

Tədbirdə çıxış edən idmançılar paralimpiyaçı Dürsədəf Kərimova və olimpiyaçı Sənan Süleymanov öz təəssüratlarını iştirakçılarla bölüşüblər. Göstərilən diqqət və dəstəyin onları daha da güclü etdiyini və Azərbaycanı təmsil etməkdən qürur duyduqlarını bildiriblər.

 

Çıxışlardan sonra MOK və MPK Paris-2024 Yay Olimpiya Oyunlarının beynəlxalq tərəfdaşı “Procter&Gamble” şirkəti arasında tərəfdaşlıq memorandumu imzalanıb. Müqaviləyə “Procter&Gamble” şirkətinin Qafqaz və Orta Asiya Respublikaları üzrə baş direktoru İrakli Qabriadze, MOK vitse-prezidenti Çingiz Hüseynzadə və MPK prezidenti Hidayət Abdullayev imza atıblar.

 

Müqavilə çərçivəsində “Procter&Gamble” şirkəti Azərbaycanı təmsil edən idmançıların Olimpiya və Paralimpiya Oyunlarında iştirakını təmin etmək üçün müəyyən öhdəliklər yerinə yetirəcək. Bundan başqa, Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar “Procter&Gamble” şirkətinin marketinq fəaliyyətlərində iştirak edəcəklər.

 

Qeyd edək ki, indiyədək Azərbaycan idmançıları Paris-2024 Olimpiya və Paralimpiya Oyunlarında iştirak üçün 14 (8 olimpiya, 6 paralimpiya) lisenziya qazanıblar.