Xəbərlər

Naxçıvan gəncləri ilin yekunları bağlı mükafatlandırılıblar

29 dekabr 2023 324

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində İlin yekunlarına həsr olunmuş tədbiri keçirilib. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni İl münasibətilə  təşkil olunan tədbirdə 2023-cü il ərzidə müxtəlif sahələrdə fərqlənən muxtar respublika gəncləri, o cümlədən gənclər və idman sahəsinin inkişafında, təbliğində xidmətləri olan insanlar mükafatlandırılıblar. 
 

“Naxçıvan” Sarayda reallaşan tədbirdə öncə ümummilli lider Heydər Əliyev və ölkəmizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı bildirib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir: "Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində işlər görülür. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə müəyyən sərəncamlar imzalayıb.

 

Uğur qazanan gəncləri təbrik edən Günay Malikqızı qeyd edib ki, bu gün gənclik cəmiyyətin aparıcı qüvvəsi hesab edilir. Bu dövrün hər anından səmərəli istifadə etmək gərəkdir. 

 

Gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov və Gənclər Fondunun icraçı direktoru, millət vəkili Cəbi Quliyev gəncləri təbrik edərək diqqətə çatdırıblar ki, istedadlı gənclərin fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilir və onlara cəmiyyətin aparıcı sahələrində yüksək etimad göstərilir. Ölkə başçısının rəhbərliyi ilə muxtar respublikada Naxçıvan gəncliyinin ictimai-siyasi həyatın bütün sferalarında aktiv fəaliyyət göstərməsi, öz potensialını, intellekt və istedadını ortaya qoyması üçün geniş imkanlar yaradılıb. Nazir müavini Naxçıvan idmançılarının nailiyyətləri barədə danışarkən qeyd edib ki, 2023-cü ilin ötən dövrü ərzində ölkəmiqyaslı yarışlarda 153, beynəlxalq turnirlərdə 62, Avropa çempionatlarında  6, dünya çempionatlarında 4 olmaqla, ümumilikdə 225 medal qazanılıb. Medallardan 67-si qızıl, 67-si gümüş, 91-i isə bürüncdür. Bir idmançımız Avropa çempionu, biri isə dünya çempionu olmağı bacarıb.

 

Çıxış edənlər sonda gəncləri qarşıdan gələn əlamətdar günlər münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar.

 

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının təqdimatında konsert proqramı izlənilib. Tədbir çərçivəsində mükafatlandırma mərasimi keçirilib. Müxtəlif nominasiyaların qaliblərinə plaketlər təqdim olunub. Mükafatlandılanlar arasında əsgər və hərbçilər, kursantlar, idmançılar, könüllülər, media subyektləri və müxtəlif sahələrdə fərqlənən gənclər olub. 

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti