Xəbərlər

Niyaməddin Paşayev: "Taekvondo yarışları yüksək təşkilatçılıqla yadda qaldı"

30 sentyabr 2025 - 22:10 15

Bu gün III MDB Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarına yekun vurulub. Yarışların son günündə Azərbaycan komandası daha 11 (1 qızıl, 10 bürünc) medal qazanıb. Beləliklə, Azərbaycan taekvondoçuları III MDB Oyunlarını 22 (4 qızıl, 2 gümüş, 16 bürünc) medalla başa vurublar. 

 

Yarışdan sonra Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, III MDB Oyunlarının taekvondo yarışlarının Təşkilat Komitəsinin sədri Niyaməddin Payaşayev müsahibə verib. O, taekvondo yarışlarında əldə olunan nəticələrdən və yüksək təşkilatçılıq səviyyəsindən danışıb.  

 

"Taekvondo yarışları yüksək təşkilatçılıqla yadda qaldı. Yarışa gələn idmançılar və qonaqlar da istər təşkilatçılıqdan, istərsə də rəqabət mühitindən razı qaldılar. Hər bir detala həssaslıqla yanaşılmışdı", - deyə Niyaməddin Paşayev qeyd edib.
Federasiya rəsmisi iki gün ərzində əldə olunan nəticələrə də münasibət bildirib: "Bu gün mübarizə aparan bir çox idmançımız finala vəsiqə qazanmaq potensialında idi. İdmançılarımızdan Səmərrux Osmanova və komandamızın bayraqdarı, Avropa çempionumuz Zemfira Həsənzadənin finalda qarşılaşmasını gözləyirdik. Amma bu idmandır, şanssızlığa görə idmançılarımızdan heç biri finala yüksələ bilmədi və bürünc medalla kifayətləndi. Halbuki onların iştirak etdiyi turnirlər və təlim-məşq toplanışları onu göstərirdi ki, bu idmançılar finalda qarşılaşacaqlar. Lakin buna baxmayaraq, Vasif Səlimov günün sonunda gözəl döyüş nümayiş etdirərək qızıl medalla hər kəsi sevindirdi". 

 

Niyaməddin Paşayev həmçinin, keçmiş dünya çempionu kimi yarışdakı gərgin rəqabət mühitinə də toxunub. "İki gün ərzində həm Azərbaycan, həm də xarici idmançıların gərginliyi ilə yadda qalan çıxışlarını izlədik. Burada kimsə asanlıqla qalib gəldi deməzdim. Bu mübarizədə güclü və şanslı olan qalib gəldi", - deyə Niyaməddin Paşayev bildirib.