Xəbərlər

Noyabrın 5-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya, incəsənət və idman" adlı sərginin açılış mərasimi keçirilib

05 noyabr 2022 139

Sərgi Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə MOK-un 30 illik yubileyinə həsr olunub.
Mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev, olimpiya çempionları, tanınmış mədəniyyət və incəsənət xadimləri, idman mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında bu il qurumun yaranmasının 30 ilinin tamam olduğunu deyib. Bildirib ki, Milli Olimpiya Komitəsi ötən müddət ərzində çətin və şərəfli bir yol keçib, yüksək nailiyyətlərə imza atıb: “Bu gün açılışında iştirak etdiyimiz sərgidə nümayiş etdirilən idman mövzulu rəngkarlıq, qrafika və heykəltəraşlıq işləri MOK-un 1998-ci ildən “Olimpiya, incəsənət və idman” adı altında keçirdiyi müsabiqələrdən toplanılmış qiymətli əsərlərdir. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi hər Yay Olimpiya Oyunlarının keçirilməsinə 2 il qalmış “Olimpiya, incəsənət və idman” adlı beynəlxalq müsabiqə elan edir. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi də bu müsabiqənin ən fəal iştirakçısı kimi rəssam və heykəltəraşlarımızın respublika daxili yarışmasında ilk 3 yeri tutmuş əsərlərini göndərir. Sevindirici haldır ki, Beynəlxalq Olimpiya Komitəsinin təşkil etdiyi belə müsabiqələrdə ölkəmizin rəssam və heykəltəraşlarının işləri uğur qazanır, diplom və sertifikatlarla mükafatlandırılır”.
Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov qarşıdan gələn Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. “Olimpiya, incəsənət və idman” sərgisində Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin nümayiş olunduğunu bildirən Xalq rəssamı layihənin təbliğat və təşviqat baxımından əhəmiyyətini vurğulayıb.
Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.
Qeyd edək ki, MOK-un inzibatı binasının 4 mərtəbəsində də nümayiş olunan sərgidə Xalidə Səfərova, Kərim Cəlal, Telman Abbasov, Hidayət Cəlilov, Mais Əliyev, Asif Azərelli, Rauf İsmayılov, Adil Rüstəmov, Böyükağa Yəhyayev, Arif Mərdanov, Rəsul Hüseynov, heykəltəraşlardan Natiq Əliyev, Xanlar Əhmədov, Asim Quliyev, Faiq Hacıyev, Vaqif Nəzirov, Arif Qazıyev, Azad Əliyev, Zakir Mehdiyev, Nəcəf Salamov kimi tanınmış rəssamların 60 rəsm və 30 heykəltəraşlıq əsəri nümayiş olunur.
Olimpiya , incəsənət və idman” sərgisi bu ilin sonunadək ziyarətçilər üçün açıq olacaq.